Bank Of Baku

Rumıniyada təhsil almış azərbaycanlı tədqiqatçıların kitablarının təqdimatı keçirilib

Rumıniyada təhsil almış azərbaycanlı tədqiqatçıların kitablarının təqdimatı keçirilib
# 20 mart 2010 20:11 (UTC +04:00)
APA-nın xəbərinə görə, Azərbaycanın Rumıniyadakı səfirliyinin əməkdaşı Fəxri Kərimlinin “Azərbaycan Respublikası və Rumıniya arasında münasibətlər (1993-2004)”, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyevin “Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasındakı əlaqələr” (1991-2003)”, ARDNŞ-nin Rumıniya nümayəndəliyinin direktoru Həmzə Kərimovun “Neft sənayesində investisiya qərarının əsaslandırılması” adlı nəşrlərinin təqdimat mərasimi olub. Tədbir Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi və Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyasının dəstəyi ilə həyata keçirilib.

Tədbiri giriş sözü ilə açan Avropa Nikolae Titulesku Fondunun icraçı direktoru professor Corce Potra bildirib ki, üç gənc azərbaycanlı müəllifin rumın dilində elmi iş müdafiə etmələri və kitablarının nəşri böyük əhəmiyyət daşıyır. Belə ki, onların sayəsində rumın ictimaiyyəti region və Azərbaycan haqqında daha da geniş məlumat almaq imkanı qazanır.

Babeş-Bolyai Universiteti Türkologiya və Mərkəzi Asiya Araşdırmalar İnstitutunun direktoru, Rumıniyanın Azərbaycan və Türkmənistandakı keçmiş səfiri professor Təhsin Cəmil Rumıniyanın tanınmış ali təhsil ocaqlarında doktorluq elmi dərəcəsinə layiq görülmələri münasibətilə gənc tədqiqatçıları bir daha təbrik edib. Avropa İttifaqı üzvü kimi Rumıniyanın Qafqaz və Orta Asiya regionu, xüsusilə Azərbaycanla əlaqələrinin inkişafına xüsusi diqqət yetirməsinin vacib olduğunu bildirib.

Rumıniya İqtisadi Elmlər Akademiyasının professoru Floriana Bran Azərbaycanın neft və qaz ehtiyatlarının bütün Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm roldan bəhs edib.

Bundan başqa tədbirdə müəlliflərlə yanaşı Buxarest Yazıçılar Assosiasiyasının sədri Horia Qırbea, Spiru Haret Universitetinin məsul işçisi Lyudmila Rotaru, nüfuzlu “Geopolitika” jurnalının redaktoru Vasile Similyanu və digərləri çıxış edərək nəşrlərin əhəmiyyətindən danışıblar.

Mərasimdə Azərbaycanın Rumıniyadakı səfirliyinin əməkdaşları, Rumıniyanın Postsovet Araşdırmaları İnstitutunun rəhbərliyi, Rumıniyanın region ölkələrindəki keçmiş səfirləri, tanınmış din, ədəbiyyat və incəsənət xadimləri, Buxarest şəhərində akkreditə olunan xarici ölkələrin diplomatları, Rumıniyanın ictimai təşkilat və fondlarının üzvləri, Buxarest şəhəri 2-ci sektorunun Parlamentinin təmsilçiləri, Rumıniyada yaşayan həmvətənlərimiz, o cümlədən bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR