Bank Of Baku

Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsinin yekun sərgisi keçirilib

Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsinin yekun sərgisi keçirilib
# 12 aprel 2010 11:09 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, eləcə də Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsinin yekun sərgisi keçirilib. APA-nın məlumatına görə, sərgidə çıxış edən təhsil nazirinin müavini Elmar Qasımov bildirib ki, müsabiqəni keçirməkdə məqsəd uşaq və yeniyetmələrin elmi-texniki potensialının üzə çıxarılması, onların yaradıcılığının inkişaf etdirilməsi üçün stimul yaradılması və təcrübə mübadiləsinin təşkil olunmasıdır.

Müsabiqədə 8 yaşdan 18 yaşadək uşaq və yeniyetmələr iştirak edib. Müsabiqənin zona mərhələsinə 300-ə yaxın, respublika mərhələsində isə 45 rayon və şəhərdən 195 nəfər məktəbli qatılıb. Müsabiqə texniki yaradıcılığın aviamodel, kosmik raket modeli, avtomodel, gəmi modeli və radiotexnika növləri üzrə 15 nominasiyada keçirilib.

Təhsil naziri Misir Mərdanov deyib ki, son illər rəhbərlik etdiyi qurum məktəbdənkənar müəssisələrin fəaliyyətinə ciddi fikir verir: “Əsas məqsəd uşaqların asudə vaxtlarının səmərəli təşkil olunmasıdır. Belə müsabiqələr ötən əsrin 40-cı, 50-ci illərində də keçirilib. Bu cür müsabiqələrin təşkili ilə uşaqları arzu olunmayan fəaliyyətlərdən çəkindirmək olar”.

Sərginin sonunda təşkilatçılar tərəfindən I, II və III yeri tutan iştirakçılar mükafatlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR