İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaranan gündən bəri Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu onun işində fəal iştirak edir.
APA xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində “İtkin Düşmüş Şəxslər Məsələsinin Həllində Müasir Yanaşmalar Və Əməkdaşlığın Gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev deyib.
O, Dövlət Komissiyasının xətti ilə fiziki antropologiya sahəsində çalışan gənc mütəxəssislərin böyük təcrübə topladığını, bu fəaliyyətin Azərbaycanda antropologiya elminin inkişafına böyük töhfə verdiyini vurğulayıb.
Fərhad Quliyev rəhbərlik etdiyi qurumun işğaldan azad olunmuş ərazilərdə apardığı arxeoloji, fiziki-antropoloji araşdırmaların qaranlıq qalmış bir çox məsələlərin aşkar edilməsi ilə nəticələndiyini bildirib.
Arxeologiya və Antropologiya İnstitutunun direktoru işğaldan azad olunmuş ərazilərdə təkcə Azərbaycan vətəndaşlarına qarşı törədilən cinayətlərin yox, həm də tarixi abidələrə qarşı törədilmiş kulturasid barədə danışıb və bütün bu cinayətlərin dəlil-sübutlarla qeydə alındığını vurğulayıb.