Bank Of Baku

Kəmaləddin Heydərov: “Kür çayının yaratdığı fəsadların aradan qaldırılması ilə bağlı Azərbaycan prezidenti yanında operativ müşavirə keçirilib”

Kəmaləddin Heydərov: “Kür çayının yaratdığı fəsadların aradan qaldırılması ilə bağlı Azərbaycan prezidenti yanında operativ müşavirə keçirilib”
# 07 may 2010 15:35 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri fövqəladə hallar naziri Kəmaləddin Heydərov Kürün bəndləri yarması nəticəsində daşqınların baş verdiyi ərazidə jurnalistlərə açıqlamasında deyib.

K. Heydərovun sözlərinə görə, prezident baş verən daşqınlara bağlı müvafiq qurumların rəhbərlərinə, səhiyyə, nəqliyyat, ekologiya və təbii sərvətlər nazirlərinə vəziyyətdən çıxmaq üçün göstərişlər verib.

Nazir təhlükə baş verən və verə biləcək yaxın kəndlərdə əhalinin, onların mal-qarasının köçürülməsinə dair də göstərişlərin verildiyini bildirib.

Hazırda selin qarşısının alınması, suyun daha təhlükəsiz istiqamətə yönəldilməsi üçün tədbirlərin görüldüyünü qeyd edən K. Heydərov Səhiyyə, Nəqliyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinə, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə əhalinin dərman təchizatı, həkimlərlə təmin olunması, yayıla biləcək infeksion xəstəliklərin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülməsi üçün müvafiq tapşırıqların verildiyini vurğulayıb: “Eyni zamanda yerli əhali bilməlidir ki, fəsadlar aradan qaldırılana qədər Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının və yerli icra strukturlarının köməkliyi ilə, onların göstərdiyi istiqamətdə hərəkət edilməlidir. Artıq onlar üçün hər bir şərait yaradılıb, çadırlar qurulub, ərzaq təminatı yaradılıb. Qohumlarının evlərinə yerləşmək istəyən bəzi sakinlərə yardım göstərilməsi üçün yerli orqanlara göstərişlər verilib”.

K. Heydərov dövlət başçısı tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər nazirliklərə xarici mütəxəssislərlə birgə indi və daha sonra problemin köklü şəkildə həll olunması ilə bağlı göstərişlər verildiyini diqqətə çatdırıb.

Daşqınların “Xudafərin” su anbarından İran tərəfindən suyun normadan artıq buraxılması, bu səbəbdən Araz çayında suyun artması ilə bağlı olması barədə xəbərlərə aydınlıq gətirən nazir belə məlumatların olduğunu, hazırda bununla bağlı araşdırmaların aparıldığını deyib.

K. Heydərov onu da deyib ki, bir həftə əvvəl ekspertlər daşqınlar baş verən ərazilər, əkin sahələri, evlər, nasos stansiyalarında müşahidə aparıblar: “Salyan ərazisində də 20 gündən artıq idi, işlər görülürdü. O zaman bəndlər qurmaq üçün qum yığmağa 15 min, sonra isə 10 min kisə, 760 nəfərlik şəxsi heyət göndərilib. Onlar burada tədbirlər görürdü. İki gün əvvəl isə qum yığmaq üçün 400 min ədəd kisə sifariş olunub. Bəzi yerlərdə beton plitələrin qoyulması prosesinə başlanıb. İntensiv işlər görülür. Bu gün günortadan sonra işlər daha intensivləşib. Aidiyyəti qurumların şəxsi heyətləri də əraziyə cəlb olub. Ərazidə çoxsaylı texnika işləyir. Böyük narahatlıq üçün əsas yoxdur”.
Nazir onu da deyib ki, ölkə prezidentinin göstərişləri əsasında gələcəkdə baş verə biləcək halların qarşısını almaq üçün lazımi təhlükəsizlik tədbirləri görülür.

Son vaxtlar dünyada kataklizmlər baş verdiyini qeyd edən nazir bir çox ölkədə bu cür halların müşahidə olunduğunu söyləyib: “Dünyada böyük fəlakətlər baş verir. Şükürlər olsun ki, bizdə o cür böyük fəsadlar yoxdur. Son vaxtlar Azərbaycanda da torpaq sürüşmələri intensivləşib. Tərəfimizdən belə hallar təhlil olunur, qarşısının alınması üçün tədbirlər görülür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR