Bank Of Baku

Rus bölməsinin abituriyentləri üçün “Azərbaycan dili” fənnindən keçirilən imtahanın nəticələri açıqlanıb

Rus bölməsinin abituriyentləri üçün “Azərbaycan dili” fənnindən keçirilən imtahanın nəticələri açıqlanıb
# 24 may 2010 14:54 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 23-də Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Lənkəran və Quba şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən keçirdiyi imtahanın nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, komissiya imtahanın nəticələrini təhlil edərək “Azərbaycan dili” imtahanında 12 və daha çox bal toplayan abituriyentlərin “məqbul”la qiymətləndirmək barədə qərar qəbul edib.

İmtahanda iştirak etmək hüququ olan 11042 abituriyentdən 214 nəfəri imtahana gəlməyib. Abituriyentlərdən 9324 nəfəri qeyd olunan müsabiqə şərtini ödəyib və “məqbul” qiyməti alıb. İmtahan qaydalarını pozduğuna görə 6 nəfər imtahandan xaric edilib və nəticələri ləğv olunub. Abituriyentlərdən 2 nəfəri imtahan binasına mobil telefon keçirməyə cəhd göstərdiklərinə görə barələrində akt tərtib olunub və onlar imtahana buraxılmayıb.

Bakı şəhərində keçirilən imtahanda abituriyentlərdən 1 nəfəri zal nəzarətçisindən ona köməklik göstərilməsini tələb edib, rədd cavabı aldıqda isə nəzarətçini kobud şəkildə təhqir edib, imtahanın gedişinə mane olub. Həmin abituriyentin nəticəsi ləğv edilib və TQDK ona qarşı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara müraciət edib.

Cavab kartlarının emalı zamanı xüsusi kompüter proqramları vasitəsilə aparılan araşdırmalar nəticəsində imtahanda 18 nəfərin köçürməyə yol verdikləri aşkar edilib və qəbul qaydalarına uyğun olaraq həmin abituriyentlərin nəticələri ləğv olunub.

Mayın 23-də keçirilən imtahandan “qeyri-məqbul” qiyməti alan və ya bu imtahanda iştirak etməyən abituriyentlər iyunun 20-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR