Bank Of Baku

BMT Baş Katibinin Məcburi Köçkünlərin İnsan Hüquqları üzrə Nümayəndəsi Valter Kalin Əmək və Əhalisinin Sosial Müdafiəsi Nazirliyində görüş keçirib

BMT Baş Katibinin Məcburi Köçkünlərin İnsan Hüquqları üzrə Nümayəndəsi Valter Kalin Əmək və Əhalisinin Sosial Müdafiəsi Nazirliyində görüş keçirib
# 24 may 2010 15:04 (UTC +04:00)
Bakı-APA. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov ölkəmizdə səfərdə olan BMT Baş Katibinin Məcburi Köçkünlərin İnsan Hüquqları üzrə Nümayəndəsi Valter Kalinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistanın Azərbaycana hərbi təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində ölkəmizin ərazisinin 20 faizinin işğal edildiyini, 1 milyon nəfərdən artıq azərbaycanlının doğma yurd-yuvalarından didərgin düşdüyünü nümayəndə heyətinin diqqətinə çatdıran nazir müavini qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, onların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən dövlət proqramları barədə geniş məlumat verib. Natiq Məmmədov dövlət başçısının bu təbəqədən olanlara xüsusi qayğısının nəticəsi kimi, ölkəmizdə bütün çadır şəhərciklərinin qısa müddətdə ləğv edildiyini, qaçqın və məcburi köçkünlərin normal yaşayış infrastrukturuna malik qəsəbələrə köçürüldüyünü qeyd edib.

Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların məşğulluq məsələlərinin həlli istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verən nazir müavini Nazirliyin Məşğulluq Xidməti orqanlarında 1 aprel 2010-cu il tarixə 41100 nəfərin işsiz kimi rəsmi qeydiyyatda olduğunu, onlardan 14556 nəfəri qaçqın və məcburi köçkünlərin təşkil etdiyini deyib.

Natiq Məmmədov bildirib ki, 2009-cu il ərzində Məşğulluq Xidməti tərəfindən işlə təmin olunan 28382 nəfərdən 1865 nəfəri, rəqabətə davamlı peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunan 4827 nəfərdən 471 nəfəri, haqqı ödənilən ictimai işlərə cəlb olunan 1508 nəfərdən 190 nəfəri, kvota üzrə işlə təmin edilən 1213 nəfərdən 254 nəfəri, işsizlik müavinəti təyin edilən 5687 nəfərdən 630 nəfəri qaçqın və məcburi köçkünlər olub.

Qeyd olunub ki, cari ilin may ayının əvvəllərinə olan məlumata əsasən, ölkədə 759398 nəfər üzvü olan 166332 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilib ki, onlardan 11212-i məcburi köçkün ailəsidir. Məqsədyönlü tədbirlərin nəticəsi olaraq məcburi köçkünlər arasında yoxsulluq səviyyəsi kəskin şəkildə aşağı düşür.

Valter Kalin üç il öncə Azərbaycana səfər etdiyini və ötən üç il ərzində ölkəmizdə qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində dövlət tərəfindən görülən işlərin uğurla davam etdirildiyini və bu sahədə müsbət nəticələrin məmnunluq doğurduğunu vurğulayıb. Görüşdə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı mövcud vəziyyət təhlil olunub və qarşıda duran vəzifələrdən söz açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR