Bank Of Baku

Bakıda “Yerli özünüidarəetmədə qadınların rolu” mövzusunda konfrans keçirilib

Bakıda “Yerli özünüidarəetmədə qadınların rolu” mövzusunda konfrans keçirilib
# 03 iyun 2010 09:08 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. ATƏT-in Bakı ofisi, Lider Qadınlar İctimai Birliyi, Demokratik İnkişafı İnstitutu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə bu gün Bakıda “Yerli özünüidarəetmədə qadınların rolu” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, konfransa qadın millət vəkilləri, bələdiyyə üzvləri, qadın təşkilatlarının rəhbərləri və ictimai-siyasi prosesdə, dövlət idarəçiliyində fəal iştirak edən qadınlar qatılıb. ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel çıxışında bildirib ki, qadınların cəmiyyətdə və siyasi həyatda önəmli yer alması vacib məsələlərdən biridir. Azərbaycanın siyasi həyatında qadınların rolunun getdikcə artdığını deyən səfir 2009-cu ildə keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinə əsasən qadınların bələdiyyələrdə 26 faiz təmsil olunduğunu vurğulayıb: “Ümid edirəm ki, qarşıdan gələn parlament seçkilərində də qadınlar fəal iştirak edəcək”.

Səfir parlament seçkiləri ərəfəsində Azərbaycanın müxtəlif bölgələrində qadınlar üçün liderlərik və ictimai fəaliyyətə dair təlim kursları təşkil ediləcəyini qeyd edib. Onun sözlərinə görə, bu təlim kurslarının əsas məqsədi ölkədə siyasi həyatı canlandırmaq və qadın qruplarının ictimai işlərdə fəaliyyətini təkmilləşdirməkdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Azərbaycanda qadınların ictimai-siyasi həyatda və dövlət idarəçiliyində rolunun artırılması ilə bağlı prezident fərmanının olduğunu, gender bərabərliyi ilə bağlı qanunvericiliyin mövcud olduğunu qeyd edib: “Qadınların yuxarı dövlət təbəqələrində təmsilçiliyi üçün ilk olaraq aşağıdan, bələdiyyələrdən başlamaq və kadrlar hazırlamaq lazımdır”.

Millət vəkili Məlahət İbrahimqızı isə bildirib ki, qadınların bələdiyyələrdə yüksək nəticə əldə etməsi onların ictimai-siyasi proseslərdə fəallığının artmasının göstəricisidir.

Millət vəkili Gültəkin Hacıbəyli qeyd edib ki, qadınları müdafiə etməyin ən yaxşı yolu onları gücləndirməkdir.

Tədbirdə QHT rəhbəri olan qadınlar, qadın bələdiyyə üzvləri və digər şəxslər də çıxış edərək mövzu barədə öz fikirlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR