Bank Of Baku

Ombudsmanın təşəbbüsü ilə uşaqların sağlamlıq hüquqlarına dair tədbir keçirilib

Ombudsmanın təşəbbüsü ilə uşaqların sağlamlıq hüquqlarına dair tədbir keçirilib
# 07 iyun 2010 16:37 (UTC +04:00)
Bakı – APA. İmmun çatışmazlığı virusu olan HİV-nin törətdiyi dəhşətli AİDS xəstəliyi bütün dünyada, o cümlədən Azərbaycanda böyük narahatlıq doğurur, əhalinin müxtəlif təbəqələri, o cümlədən yeniyetmələr və gənclər arasında xəstəliyin dinamikası artmaqdadır.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu fikirlər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə onun uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik Məktəbində təşkil olunmuş növbəti görüşdə səsləndirilib.

Görüşdə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi Leyla Məmmədova, Ombudsman Aparatının əməkdaşları, uşaqlar və valideynlər iştirak ediblər. Müvəkkilin nümayəndəsi ölkəmizdə böyüyən nəslin təhsilinə və sağlamlığına qayğıdan söz açıb, uşaq hüquqlarının təmin edilməsi, onların təlim-tərbiyəsinə yönəlmiş mühüm tədbirlərin həyata keçirildiyini vurğulayıb. Ombudsmanın fəaliyyətində digər hüquqlarla yanaşı, uşaq hüquqlarının, habelə sağlamlıq hüququnun da müdafiəsi və həyata keçirilməsinin mühüm yer tutduğu bildirilib, bu istiqamətdə görülmüş işlər barədə məlumat verilib.

L.Məmmədova tranzit ölkə olan Azərbaycana miqrantların axınının çoxaldığını və bu prosesin AİDS-in yayılmasına bu və ya digər dərəcədə təsir göstərdiyini vurğulayıb. O bu ağrılı problemin ictimaiyyətin, o cümlədən məktəblilərin diqqətinə çatdırılmasının, HİV-ə yoluxmuş insanların hüquqlarının təmin edilməsinin, yeniyetmələrin reproduktiv sağlamlığı istiqamətində səylərin daha da artırılmasının vacibliyini söyləyib.

Görüş canlı diskussiya və işgüzar müzakirələrlə başa çatıb, uşaqlar öz səmimi təşəkkürlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR