Bank Of Baku

Azərbaycan Səhiyyə Nazirliyi: “Sel və daşqından zərər çəkmiş heç bir rayonda yoluxucu xəstəlik qeydə alınmayıb”

Azərbaycan Səhiyyə Nazirliyi: “Sel və daşqından zərər çəkmiş heç bir rayonda yoluxucu xəstəlik qeydə alınmayıb”
# 08 iyun 2010 14:47 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Səhiyyə Nazirliyi Kür çayının daşması nəticəsində daşqından zərər çəkmiş rayonlarda görülən işlərlə bağlı məlumat yayıb. Nazirlikdən APA-ya verilən məlumata görə, Kür çayının səviyyəsinin qalxması ilə əlaqədar zərər çəkmiş rayonlarda əhali arasında yarana biləcək yoluxucu xəstəliklərin qarşısının alınması, fəlakət zonasında əhaliyə ixtisaslaşmış tibbi xidmətin göstərilməsi, eləcə də fəaliyyətlərin əlaqələndirilməsi məqsədilə Səhiyyə Nazirliyində qərargah yaradılıb. Zərər çəkmiş rayonlarda epidemioloji vəziyyətin qiymətləndirilməsi və nəzarətdə saxlanılması üçün operativ məlumatın qərargaha təqdim olunması məqsədilə xəbərdarlıq sxemi hazırlanıb. Daşqınların təsir ərazilərində yaşayan əhali arasında yoluxucu xəstəliklərin operativ aşkarlanması və əhali arasında sanitariya-maarifçilik işlərinin aparılması üçün zərərçəkmiş rayonların tibb müəssisələrinin mütəxəssislərindən ibarət tibbi briqadalar evbəev gəzintilərə başlayıb.
Əhalinin kütləvi məskunlaşdığı yerlərdə yaradılmış tibb məntəqələrinə bu müddət ərzində 50 mindən artıq müraciət daxil olub və onlara müvafiq tibbi yardım göstərilib. Fəlakətdən zərər çəkmiş 200 nəfərdən artıq vətəndaş stasionar müalicəyə cəlb olunub, 4 nəfər cərrahi əməliyyat edilib, 56 doğuş qəbul edilib. Hazırda 39 nəfər stasionar müalicədədir.

Kür çayının daşması nəticəsində Sabirabad rayonunun su basmış kəndlərindəki 1935 nəfər Şirvan şəhərində Fövqəladə Hallar Nazirliyi tərəfindən yaradılmış çadır şəhərciyində və 2 məktəbdə məskunlaşıb. Müvəqqəti məskunlaşma yerlərində qalan əhaliyə tibbi xidmətin göstərilməsi məqsədilə 3 tibb məntəqəsi və 4 tibb briqadası fəaliyyət göstərir, təcili yardım briqadalarının və nəqliyyatının daimi növbətçiliyi təşkil edilib. Sabirabad rayonunda mayın 31-də əlavə olaraq köçürülmüş 18255 nəfər həmin rayondakı 5 məktəb binasında və 1 çadır şəhərçiyində məskunlaşıb.

Saatlı rayonu üzrə su basmış məntəqələrdən köçürülmüş 4863 nəfər əhalidən 695 nəfəri məktəblərdə və s. inzibati binalarda yerləşdirilib, 15 kütləvi məskunlaşma yerində 8 tibb məntəqəsi təşkil olunub.

Bu ərazilərdə yaşayan əhali arasında kütləvi qida zəhərlənmələrinin qarşısının alınması istiqamətində də müəyyən işlər görülüb. Belə ki, qida sənayesi obyektləri, ictimai iaşə, ticarət, uşaq və yeniyetmə müəssisələri üzərində nəzarət artırılıb, küçə ticarətinin, nəzərdə tutulmayan yerlərdə ət kəsiminin qarşısının alınması üçün dövlət sanitariya nəzarəti gücləndirilib. Əhalinin istifadə etdiyi su mənbələri üzərində laborator nəzarəti təmin edilib.

Malyariya xəstəliyinin profilaktikası məqsədilə fəal malyariya ocaqlarında epidemioloji vəziyyətdən asılı olaraq lokal kimyəvi profilaktikanın və dezinseksiya tədbirlərinin, su basmış ərazilərdə entomoloji tədqiqatların aparılması ilə su durğunluqlarında delarvasiya işinin aparılmasına başlanıb. İndiyədək heç bir rayonda yoluxucu xəstəliklər, o cümlədən malyariya, eləcə də qida zəhərlənmələri qeydə alınmayıb.

Nazirlikdən bildirilib ki, sel basmış ərazilər qurudulduqdan sonra yoluxucu xəstəliklərin profilaktikası məqsədilə dezinfeksiya və dezinseksiya işləri aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR