Bank Of Baku

Gəncə 1 saylı Peşə Liseyinin və Xaçmaz rayon Muxtadır qəsəbə məktəbinin direktoru işdən azad edilib

Gəncə 1 saylı Peşə Liseyinin və Xaçmaz rayon Muxtadır qəsəbə məktəbinin direktoru işdən azad edilib
# 08 iyun 2010 15:05 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə may ayı ərzində 958 müraciət daxil olub. Nazirliyin “Qaynar xətt” xidmətindən APA-ya verilən məlumata görə, müraciətlərin 845-i telefonla, 113-ü elektron poçt vasitəsilə qəbul edilib. Bütün müraciətlər dinlənilərək qeydə alınıb, aidiyyəti qurumlara göndərilib və müvafiq qaydada araşdırılıb. Mayda anonim və sorğu xarakterli müraciətlər çoxluq təşkil edib. “Qaynar xətt” xidmətinə daxil olmuş sorğular ümumtəhsil məktəblərinin IX və XI siniflərində mərkəzləşdirilmiş qaydada keçirilən imtahanların təşkili, bununla əlaqədar sorğu, rəy və təkliflər, müəllimlərin işə qəbulu, respublika fənn olimpiadalarının, beynəlxalq olimpiadaların təşkili, keçirilməsi və nəticələri, xaricdə təhsil, xarici ölkələrin təhsil müəssisələrindən verilmiş təhsil sənədlərinin tanınması, xaricdə təhsil alan tələbələrin ölkəmizin təhsil müəssisələrinə köçürülməsi qaydaları ilə əlaqədardır. Ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələri ilə bağlı müraciətlərin böyük əksəriyyəti Bakı şəhərindəndir. Bu sahə üzrə Bakıdan 83, Lənkərandan 6, Sumqayıtdan 5, Abşerondan 4, Gəncə, Mingəçevir şəhərləri və Xaçmaz rayonunun hər birindən 3, Şirvandan isə 1 müraciət daxil olub. Eyni zamanda, Ağdaş, Şamaxı, Cəlilabad, Kəlbəcər, Qazax rayonları üzrə müraciətlər qeydə alınıb. Müraciətlərdə ümumtəhsil müəssisələrində tədris prosesinin təşkili, maddi-texniki təchizat sahəsində çatışmazlıqlar, məktəb direktorlarının idarəetmədə yol verdikləri nöqsanlar və digər məsələlər öz əksini tapıb.
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan bütün müraciətlər ciddi şəkildə araşdırılaraq müvafiq tədbirlər həyata keçirilib. Belə ki, Gəncə 1 saylı Peşə Liseyindən daxil olan müraciət əsasında aparılmış araşdırma nəticəsində işdə yol verdiyi ciddi nöqsanlara görə liseyin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. Xaçmaz rayon Muxtadır qəsəbə məktəbinin direktoru isə tutduğu vəzifəsindən azad edilib.
Bakı şəhərinin 18, 45, 113, 143, 179, 267 saylı məktəblərində yaranmış vəziyyətlə bağlı müraciətlər də araşdırılıb və müvafiq olaraq pedaqoji prosesdə, əmək intizamının yerinə yetirilməsində yol verdikləri nöqsanlara və s. görə 18 saylı məktəbin müəllimi M.Abdullayevaya, 45 saylı məktəbin laborantı P.Abdullayevaya şiddətli töhmət verilib, 113 saylı məktəbin rəhbərliyinə ciddi irad tutulub. Eyni zamanda 143 saylı məktəbin 6-cı sinif rəhbərlərinə töhmət elan olunub və 179 saylı məktəbdə 5d sinif rəhbərinə xəbərdarlıq edilib.
“Qaynar xətt” xidmətinə daxil olan müraciətlər əsasında 146 saylı məktəbin direktoruna işdə yol verdiyi nöqsanlara görə töhmət verilib, təlim-tərbiyə işləri üzrə direktor müavini isə ciddi nöqsanlara görə işdən azad edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR