Bank Of Baku

Eyyub Hüseynov: “Hazırda Azərbaycanda istifadə edilən duzun 50%-dən çoxu yodsuz və saxtadır”

Eyyub Hüseynov: “Hazırda Azərbaycanda istifadə edilən duzun 50%-dən çoxu yodsuz və saxtadır”
# 09 iyun 2010 11:48 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Bu gün Bakıda Azad İstehlakçılar Birliyinin Azərbaycanda yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədilə duzun yodlaşdırılması probleminin həllinə həsr edilmiş mətbuat konfransı keçirilib.

APA-Economics”in məlumatına görə, tədbirdə çıxış edən AİB-in sədri Eyyub Hüseynov qeyd edib ki, birlik son on il ərzində dövlət və hökumət qurumlarının, beynəlxalq təşkilatların diqqətini yod çatışmazlığı probleminə cəlb edərək, bazarın bu seqmentində vəziyyəti normalaşdırmaq məqsədilə tədbirlər görməsinə baxmayaraq, vəziyyət hələ də ürəkaçan deyil: “Hazırda satış şəbəkələrində və istehsal müəssisələrində təklif olunan və istifadə edilən duzun 50%-dən çoxu yodsuz, saxta və əksər hallarda duz gölündən birbaşa yığılaraq istifadə edilən duzlardır. Hətta bazarda etiketində “yodsuz” yazılan duzlar belə satılır ki, bunlar “Kulina”, “Mossol”, “Ekstra sol” duzlarıdır. Çörək və digər istehsal sahələrində 70%-ə qədər təmizlənməyən, birbaşa duz göllərindən yığılan duz istifadə olunur”.

E.Hüseynovun sözlərinə görə, xaricdə istehsal edilmiş duzların qablarında duzsuz olduqları bildirilir, lakin Azərbaycan istehsalçıları hətta duzun yodsuz olduğunu belə bildirmirlər və yerli istehsalçıların təqdim etdiyi 30 cür adda duz məhsulları yodsuzdur, “Artyomsol” mal nişanı ilə təqdim edilən duzların isə 40%-i saxtadır. Bir neçə il Milli Orduda istifadə olunan “Naxçıvan duzu” da yodsuzdur: “Naxçıvan duzunun sellofan paketlərdə bazara təqdim edilən versiyası yodsuz olsa da, karton qablaşdırmada satılan az ölçülü versiyası yodludur. “Azersun” şirkətinin Masazır duz gölünün istismarı nəticəsində istehsal etdiyi duz bizim tərəfimizdən yoxlanılıb və bu, qəbul edilmiş normalara uyğundur”.

E.Hüseynov qeyd edib ki, hazırda AİB-in əsas məqsədlərindən biri Azərbaycanda 2001-ci ildə qəbul edilmiş “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədilə duzun yodlaşdırılması haqqında” qanuna uyğun olaraq ölkədə 100% yodlu duzun satılmasına nail olmaqdır.

Tədbirin sonunda AİB-in mütəxəssisləri jurnalistlərin gözü önündə bir neçə adda duzların ekspertizasını keçiriblər və yuxarıda qeyd olunan duzların keyfiyyət səviyyəsini nümayiş etdiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR