Bank Of Baku

“Ehtimal nəzəriyyəsi və riyazi statistika ensiklopediya”nın təqdimat mərasimi keçirilib

“Ehtimal nəzəriyyəsi və riyazi statistika ensiklopediya”nın təqdimat mərasimi keçirilib
# 11 iyun 2010 14:35 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kibernetika İnstitutunda “Ehtimal nəzəriyyəsi və riyazi statistika ensiklopediya”nın təqdimat mərasimi keçirilib. Akademiyadan APA-ya verilən məlumata görə, mərasimdə çıxış edən AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov bildirib ki, 1184 səhifədən ibarət olan bu ensiklopediyanı bütün türk dünyasında ehtimal nəzəriyyəsi üzrə ilk iş kimi dəyərləndirmək lazımdır. Bu səbəbdən də kitabın türkdilli dövlətlərdə də yayılması nəzərdə tutulur.
Kitabın müəllifləri akademik Cəlal Allahverdiyev, BDU-nun dosenti, fizika-riyaziyyat elmləri namizədi Həqiqət Əhmədova və AMEA-nın müxbir üzvü Asəf Hacıyev kitab üzərində işə təxminən 15 il əvvəl başladıqlarını qeyd ediblər.
Qeyd edək ki, ehtimal nəzəriyyəsi, riyazi statistika və onun elm və texnikanın müxtəlif sahələrində tətbiqi üzrə məlumat nəşri olan “Ehtimal nəzəriyyəsi və riyazi statistika ensiklopediya”nın birinci hissəsi xülasə məqalələrdən, əsas anlayışların tərifləri verilən qısa məlumatlardan ibarətdir. Ensiklopediyada tətbiqi məsələlərə - informasiya nəzəriyyəsi, kütləvi xidmət nəzəriyyəsi, etibarlılıq nəzəriyyəsi, eksperimentin planlaşdırılması, fizika, geofizika, genetika, demoqrafiya, meterologiya, riyazi sığorta nəzəriyyəsi və texnikanın müxtəlif sahələrinə geniş yer ayrılıb. Azərbaycan dilində ehtimal nəzəriyyəsini təfərrüatı ilə işıqlandıran kitab olmadığına görə bu ensiklopediya kitab tədris vəsaiti kimi də böyük əhəmiyyət daşıyır.
Ensiklopediyaya köməkçi vəsait kimi “Azərbaycanca-türkcə-rusca-ingiliscə ehtimal nəzəriyyəsi və riyazi statistika terminləri lüğəti” də nəşr olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR