Bank Of Baku

İyunun ilk ongünlüyündə Kür çayında suyun sərfi 153 kubmetr azalıb

İyunun ilk ongünlüyündə Kür çayında suyun sərfi 153 kubmetr azalıb
# 12 iyun 2010 07:58 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə iyunun ilk ongünlüyündə keçirdiyi növbəti monitorinqin nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun I ongünlüyündə Kür çayında suyun sərfi may ayının III ongünlüyünə nisbətən saniyədə 153 kubmetr azalaraq 493 kubmetr təşkil edib.

Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini keçib. Belə ki, Kürün Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 3, mis birləşmələri 4, Ağstafaçay məntəqəsində fenollar 2, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar və mis birləşmələri 2 dəfə normadan artıq olub.

Monitorinqin nəticələrinə görə, Ermənistanla transsərhəd olan Araz çayında suyun sərfi saniyədə 601 kub metr olub. Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 4, mis birləşmələri 2, I Şahsevən məntəqəsində fenollar və mis birləşmələri 4, Bəhramtəpə məntəqəsində fenollar 4, mis birləşmələri 2 dəfə yol verilən həddi keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 6,57-6,93 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR