Bank Of Baku

Kazanda MDB ölkələrinin ibtidai istintaq orqanlarının terrorizm xarakterli cinayətlərin istintaqı ilə əlaqədar beynəlxalq elmi-praktiki konfransı keçirilib

Kazanda MDB ölkələrinin ibtidai istintaq orqanlarının terrorizm xarakterli cinayətlərin istintaqı ilə əlaqədar beynəlxalq elmi-praktiki konfransı keçirilib
# 12 iyun 2010 09:26 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Tatarıstanın paytaxtı Kazanda MDB ölkələrinin ibtidai istintaq orqanlarının terrorizm xarakterli cinayətlərin istintaqı ilə əlaqədar beynəlxalq elmi-praktiki konfransı keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 3-4-də keçirilən konfransda Rusiya Federasiyası baş prokurorunun müavini E. Valeyev, RF Prokurorluğu yanında İstintaq Komitəsinin rəis müavini Y. Nırkov, Tatarıstan Respublikasının Baş naziri İ. Xalikovun və digər rəsmi şəxslərin, eləcə də MDB ölkələrinin baş prokurorlarının müavinləri, həmçinin hüquq mühafizə orqanlarının nümayəndələrinin mövzu ilə bağlı məruzələri dinlənilib.

Tədbirdə Azərbaycan nümayəndə heyəti adından Respublika hərbi prokurorunun müavini, ədliyyə polkovniki Şəfahət İmranov “Terrorizm və separatizm - problem və həll yolları” mövzusunda çıxış edib. Rusiyanın Şimali Qafqaz regionunda mövcud olan separatizm hərəkatını pisləyən Ş. İmranov Dağlıq Qarabağda separatçı erməni qüvvələrinin Ermənistan vətəndaşları ilə birgə Azərbaycanda törətdikləri terror aktlarına toxunub.

Ş. İmranov Azərbaycanın Ermənistan tərəfindən işğal edilən və hazırda nəzarətsiz qalmış ərazilərində terrorçu düşərgələrinin fəaliyyət göstərdiyini, narkotik vasitələrin qanunsuz dövriyyəsinin geniş yayılmasından əldə olunan vəsaitlərin terrorçuluğun maliyyələşdirilməsində istifadə olunduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycan prokurorluq orqanlarının nümayəndələri konfrans çərçivəsində Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Tacikistanın nümayəndə heyətləri ilə işgüzar görüşlər keçirib, terrorizmə qarşı mübarizə və bu qəbildən olan cinayətlərin istintaq metodikası və istintaqın gedişində istifadə olunan müasir kriminalistik texniki vasitələrin əldə edilməsi və tətbiqi ilə bağlı fikir mübadiləsi aparıblar. Eyni zamanda, Tatarıstan Respublikasının prokuroru K. Amirovun dəvəti ilə prokurorluğun, eləcə də Rusiya Federasiyası Prokurorluğu yanında İstintaq Komitəsinin Tatarıstan Respublikası üzrə İstintaq İdarəsinin fəaliyyəti ilə tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR