Bank Of Baku

“Məişət zorakılığının qarşısının alınması haqqında” qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub

“Məişət zorakılığının qarşısının alınması haqqında” qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub
# 16 iyun 2010 10:13 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilmiş birgə iclasında “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun layihəsi ikinci oxunuş üçün müzakirə olunub. APA-nın xəbərinə görə, sənəd haqqında İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova məlumat verib. Onun sözlərinə görə, bu qanun yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi, hüquqi, tibbi və sosial nəticələrinin qarşısının alınması, beynəlxalq standartlara uyğun olaraq məişət zorakılığından zərər çəkən şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir.

Komitə sədri birinci oxunuş zamanı sənədlə bağlı irəli sürülən rəy və təkliflərin nəzərə alındığını, sənədin təkmilləşdirildiyini deyib. R. Aslanova Avropa ölkələrində qadınlara qarşı məişət zorakılığının durmadan artdığını bildirib.

Müzakirələrdə iştirak edən deputat Qənirə Paşayeva bu qanunun olduqca önəmli olduğunu deyib. Onun sözlərinə görə, məişət zorakılığı varsa, bu açılmalı və problemlə mübarizə aparılmalıdır: “Azərbaycan o ölkələr arasındadır ki, mövcud problemə qarşı mübarizə aparmaq istəyir. Burada məişət zorakılığının necə faiz olması rol oynamır. Dünyanın hər yerində məişət zorakılığının qurbanı, əsasən qadınlardır”.

Q. Paşayeva deyib ki, məişət zorakılığı ilə, adətən erkən nikaha daxil olan şəxslər üzləşirlər: “Onlar erkən ailə qurduqları üçün nikahları rəsmiləşdirə bilmirlər və bu, qeyri-rəsmi nikah hesab olunur. Bu problemlərin aradan qaldırılması üçün televiziyalarda maarifləndirici verilişlərə böyük ehtiyac var”.

Deputat Rafael Cəbrayılov qanunun zəruriliyinin hüquqi cəhətdən əsaslandırıldığını bildirib. Bununla belə, o, qanunda bir sıra texniki və məntiqi səhvlərin olduğunu qeyd edib: “Mən təklif edirəm ki, qanuna zərərçəkmiş şəxslərin izahatının alınması ilə bağlı müddəa daxil edilsin. Ola bilər ki, kimsə məişət zorakılığı ilə üzləşdiyi haqda yalan məlumat versin”.

Müzakirələrdə iştirak edən ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel qanun layihəsinin mükəmməl hazırlandığını və onu dəstəklədiklərini deyib.

Müzakirələrdən sonra sənəd ikinci oxunuşa üçün parlamentin plenar iclasına tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR