Bank Of Baku

Azərbaycanda ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminə dair müşavirə keçirilib

Azərbaycanda ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminə dair müşavirə keçirilib
# 18 iyun 2010 10:39 (UTC +04:00)
APA-nın “AzərTAc” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, müşavirədə giriş sözü ilə çıxış edən R. Mehdiyev prezident İlham Əliyevin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” 2010-cu il 10 fevral tarixli Fərmanının icrası haqqında məlumat verib.

Müşavirə iştirakçılarının diqqətinə çatdırılıb ki, Fərmanın xüsusi bəndi ilə Maliyyə, İqtisadi İnkişaf və Təhsil nazirlikləri xarici ölkələrin müvafiq sahədə qabaqcıl təcrübəsini öyrənməklə respublikanın ali təhsil müəssisələrində adambaşına maliyyələşdirmə mexanizmini əks etdirən normativ hüquqi aktların layihələrini iki ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim edib. Həmin təkliflər əsasında Nazirlər Kabineti tərəfindən müvafiq qərar layihəsi hazırlanın. Layihədə bakalavr və magistratura səviyyəsində ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə hazırlanacaq mütəxəssislərin təhsil xərclərinin məbləği müəyyən edilib.

Bununla yanaşı, ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi əsasında ali təhsil müəssisələrinin bakalavr və magistratura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi qaydalarını müəyyən etmək məqsədilə Nazirlər Kabineti qərar layihəsi hazırlayıb. Layihənin bir neçə əsas müddəası müşavirə iştirakçılarının diqqətinə çatdırılıb.

Təhsil naziri Misir Mərdanov çıxış edərək, Fərmanın yerinə yetirilməsi istiqamətində nazirlik tərəfindən görülmüş işlər barəsində məlumat verib. Nazir deyib ki, hazırda 29 dövlət ali məktəbində və 8 özəl universitetdə bu ildən etibarən yeni maliyyələşmə qaydası tətbiq olunacaq. Respublikanın 1 dövlət, 6 xüsusi təyinatlı və 8 özəl ali təhsil müəssisəsi dövlət sifarişinin yerinə yetirilməsində hələlik iştirak etmir. Ayrı-ayrı ixtisaslar və müxtəlif ali məktəblər üzrə ətraflı təhlil əsasında məlumat verən M. Mərdanov belə bir mexanizmin təhsilin inkişafında olduqca müsbət nəticə verəcəyinə əminliyini ifadə edib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə builki qəbul qaydalarına dair məlumat verib, sınaq imtahanlarının nəticələrinə əsaslanaraq bildirib ki, yüksək səviyyəli müsabiqəni təmin etmək üçün kifayət qədər hazırlıqlı abituriyentin qəbulda iştirak edəcəyi gözlənilir. Onun fikrincə, ayrı-ayrı qruplar üzrə verilən ərizələrin təhlili göstərir ki, imtahanlarda bu ilin məzunları ilə yanaşı, keçən ilin də xeyli sayda məzunu iştirak edəcək. Komissiyanın sədri məlumat verib ki, yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı qəbul qaydalarında müvafiq dəyişikliklər aparılıb, qəbulu həyata keçirmək üçün zəruri proqram təminatı hərtərəfli işlənib hazırlanıb.

Maliyyə naziri Samir Şərifov da Fərmanı yüksək dəyərləndirib, təhsilin ümumi inkişafı, rəqabət mühitinin formalaşması üçün mütərəqqi addım kimi qiymətləndirib. O, yeni maliyyələşmə mexanizminin bu ildən yalnız birinci kurs tələbələrinə şamil olunacağını bildirərək, bütövlükdə ali təhsil müəssisələrinin gələn ildən yeni maliyyələşmə mexanizminə keçməsi ilə bağlı problemlərə dair ətraflı məlumat verib, universitet rəhbərlərinin diqqətinə çatdırıb ki, əslində, adambaşına maliyyələşmə bütün ali məktəblərə maliyyə cəhətdən tam muxtariyyət qazanmaq üçün əlverişli şərait yaradır.

İqtisadi inkişaf naziri Şahin Mustafayev isə ölkənin inkişaf strategiyasına uyğun olaraq yüksək səviyyəli mütəxəssislərin hazırlığına dair nazirliyin proqnozları barədə məlumat verib. O, növbəti illər üçün belə proqnozların daha mütəşəkkil olacağını qeyd edərək, adambaşına maliyyələşmə mexanizminin bütövlükdə təhsil sisteminin inkişafı üçün təqdirəlayiq hal olduğunu bildirib.

Müşavirədə çıxış edən ali məktəb rəhbərləri müxtəlif problemlərə toxunaraq, bütövlükdə yeni maliyyələşmə mexanizminin tətbiqini son dərəcə müsbət bir hal sayaraq əmin olduqlarını bildiriblər ki, bu, təhsilin keyfiyyətinin artmasına öz təsirini göstərəcək.

Müşavirəyə yekun vuran R. Mehdiyev rektorların diqqətini təhsillə bağlı bir neçə problemə cəlb edərək qeyd edib ki, Azərbaycan bu gün ən dinamik inkişaf edən ölkələrdən biri olmaqla, yüksək ixtisaslı mütəxəssislərə böyük ehtiyac duyur. Lakin dövlət qulluğuna qəbul olunmaq üçün verilən imtahanlar, eləcə də müvafiq şirkətlərin keçirdiyi sınaqlar ali məktəb məzunlarının heç də hamısının bilik səviyyəsinin günün tələblərinə cavab vermədiyini göstərir. Bütün bu problemlər ali məktəblərin fəaliyyətində mövcud olan qüsurlardan xəbər verir. Təhsillə bağlı hər bir insanı belə bir cəhət də narahat edir ki, kadr korpusu sürətlə qocalmaqdadır, onları əvəz etmək üçün Avropa təhsil standartlarını ölkəmizdə bərqərar etməyə qadir olan gənc kadrlar isə kifayət qədər deyil.

R. Mehdiyevin fikrincə, bütün ali məktəblər Bolonya prosesinə sözdə fəal şəkildə qoşulduqlarını bəyan etsə də, onların istifadə etdiyi proqramlarda sovet dövründən bu günə qədər çox kiçik dəyişikliklər əksini tapıb. Məzunların xeyli hissəsi ingilis dilində və informatika sahəsində beynəlxalq test sistemlərinin tələblərinə cavab verən biliklər nümayiş etdirməyə qadir deyil. Bütün bunlar ali məktəblərdə mövcud olan mənfi hallardan xəbər verir: “Ali Attestasiya Komissiyasının işinin təhlili göstərir ki, elmi dərəcə almaq naminə ali məktəblərdən təqdim olunan dissertasiyaların sayı durmadan artır. Lakin Azərbaycanın təhsil sistemində çalışan alimlərin dünyada böyük nüfuza malik jurnallarda məqalələrinə nadir hallarda təsadüf edilir. Bununla yanaşı, hələ də ali məktəblərdə ictimai elmlərin tədrisi ilə bağlı tələb olunan dönüş yaranmayıb”.

R. Mehdiyev təhsillə bağlı qarşıda duran digər vəzifələrdən də ətraflı bəhs edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR