Bank Of Baku

Hirkan Milli Parkına pres – tur təşkil olunub

Hirkan Milli Parkına pres – tur təşkil olunub
# 19 iyun 2010 13:34 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə “2010 Ekologiya ili – Yaşıl dünya naminə” devizi altında bu gün Lənkərandakı Hirkan Milli Parkına press-tur təşkil edilib. APA-nın cənub bürosunun xəbərinə görə, ölkənin aparıcı KİV nümayəndələrinin qatıldığı tədbir zamanı Hirkan Milli Parkının elmi işlər üzrə direktor müavini Hacıağa Səfərov jurnalistlərə park haqqında geniş məlumat verib. Onun sözlərinə görə, ümumi ərazisi 40358 hektar olan park qoruq, yasaqlıq və turizm üçün istifadə olunan ərazilər də daxil olmaqla 3 hissəyə bölünür. Hirkan Milli Parkının ərazisində şabalıdyarpaq palıd, dəmirağac, Lənkəran akasiyası, Xəzər lələyi, Hirkan ənciri, Qafqaz xurması, azat, və s. endemik ağaclar mühafizə olunur. Hacıağa Səfərov Hirkan Milli Parkında qara leylək, məzar qartalı, qıvrımlələk qutan, turac, mərmər cürə, Talış qırqovulu, Hirkan arıquşu, toğlugötürən kimi quşlar yanaşı, bəbir, xallı maral, vaşaq, porsuq, qaban, cüyür, yenot kimi vəhşi heyvanların da mühafizə olunduğunu bildirib.
Tədbirin sonunda jurnalistlər Hirkan Milli Parkının flora və faunası ilə yaxından tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR