Bank Of Baku

Bakıda ünvanlı dövlət sosial yardımın mövcud vəziyyətinə dair dəyirmi masa keçirilib

Bakıda ünvanlı dövlət sosial yardımın mövcud vəziyyətinə dair dəyirmi masa keçirilib
# 23 iyun 2010 10:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) «Ünvanlı dövlət sosial yardımın mövcud vəziyyətinin qiymətləndirilməsi və sosial reabilitasiyaya keçid problemləri» mövzusunda dəyirmi masa keçirib.

«APA-Economics»in məlumatına görə, tədbirdə İTM-in İdarə Heyətinin sədri Qubad İbadoğlu ünvanlı sosial yardımdan sosial reabilitasiyaya keçidlə bağlı hazırlanmış tədqiqat hesabatının nəticələri ilə bağlı geniş məlumat verib. Hesabatda Azərbaycanda 2001-ci ildə yoxsulluq səviyyəsinin 49%-dən 11%-dək azalması, həmçinin 2009-cu ildə əhalinin adambaşına orta aylıq gəlirlərinin səviyyəsinə görə bölgüsü qeyd olunub.

Q.İbadoğlunun sözlərinə görə, 2009-cu ildə ev təsərrüfatının adambaşına düşən bölgüsündə əhalinin yalnız 3%-i orta aylıq əmək haqqından yuxarı maaş alır. Bu isə orta aylıq əmək haqqına təsir edən amillərdəndir.

Həmçinin bu müddət ərzində Azərbaycanda 750 min nəfər ünvanlı sosial yardım alıb ki, bunun da 20%-i dördüncü dəfə yardım alanların payına düşüb. Dördüncü dəfə yardım alanların bəziləri sənədləri rüşvət verməklə düzəldib, qalanı isə ümumiyyətlə, iş axtarmaq barədə belə düşünməyiblər.

Q.İbadoğlu qeyd edib ki, 2006-cı ildə ünvanlı sosial yardım alanların tərkibində 2,2%-i uşaqlar təşkil edirdisə, 2009-cu ildə bu rəqəm 47,7%-ə çatıb. Bu isə gələcəkdə işsizliklə bağlı müəyyən problemlərin yaranmasına gətirib çıxaracaq. Çünki bu uşaqlar ünvanlı sosial yardıma ümid edib gələcəkdə hər hansı bir işə uyğunlaşmayacaqlar.

Q.İbadoğlunun fikrincə, aparılan tədqiqatın əsas məqsədi sübut edir ki, artıq bu proqramın başa çatma dövrü yaxınlaşıb və yeni sosial reabilitasiyaya keçmək vaxtıdır: «Ünvanlı sosial yardım sisteminin səmərəli fəaliyyət göstərən bir mexanizmə çevrilməsi üçün bu yardıma ehtiyacı olan aztəminatlı ailələrin dəqiq müəyyən olunması və onların yardım almaq imkanlarının genişləndirilməsi, həmçinin sosial yardım almaq üçün prosedur qaydalarının sadələşdirilməsi lazım idi».

Q.İbadoğlu bildirib ki, ünvanlı sosial yardımın səmərəli həyata keçirilməsinə mane olan əsas amillər qanunvericilik bazasının təkmil olmaması, ətraflı təhlilə əsaslanan düzgün proqnozlaşdırma olmaması səbəbindən vəsait çatışmazlığının yaranması, həmçinin qeyri-rəsmi ödənişlərdir. Ünvanlı sosial yardımdan sosial reabilitasiyaya keçidin əsas zəruriliyi isə ünvanlı sosial yardım proqramının tətbiqində mövcud olan problemlərin aradan qaldırılması, dövlətin verdiyi müxtəlif növ sosial yardımların unifikasiyası və digər problemlərin aradan qaldırılmasına kömək olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR