Bank Of Baku

Kür və Araz transsərhəd çaylarında keçirilən növbəti monitorinqlərin nəticələri açıqlanıb

Kür və Araz transsərhəd çaylarında keçirilən növbəti monitorinqlərin nəticələri açıqlanıb
# 27 iyul 2010 09:42 (UTC +04:00)
Bakı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə iyul ayının II ongünlüyü üçün növbəti monitorinq keçirib. Nazirlikdən APA-ya verilən məlumata görə, iyul ayının II ongünlüyündə Kür çayında suyun sərfi iyul ayının I ongünlüyünə nisbətən 76 m3/san azalaraq 158 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən Kür çayı və onun qollarında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini keçib.

Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 4, mis birləşmələri 3, Ağstafaçay məntəqəsində və Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 4 dəfə yol verilən qatılıq həddini ötüb. Aparılan monitorinqin nəticələrinə görə Ermənistanla transsərhəd olan Araz çayında suyun sərfi 189 m3/san olub. Belə ki, Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenol və mis birləşmələri 3, I Şahsevən məntəqəsində fenollar 3, mis birləşmələri 2, Bəhramtəpə məntəqəsində fenollar 3, mis birləşmələri 2 dəfə normanı keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 6,46-6,57 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR