Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində baş vermiş meşə yanğınları ilə bağlı məlumat yayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində baş vermiş meşə yanğınları ilə bağlı məlumat yayıb
# 27 iyul 2010 10:17 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 25-i saat 21:50 radələrində Ələt-Hacıqabul magistral avtomobil yolunun 40-cı kilometrliyində yanğın hadisəsi baş verib. Yanğına avtomobildən atılan söndürülməmiş siqaret kötüyü səbəb olub.

Yanğın təbii və alaq otlarından ibarət olan 30 hektar ərazini, o cümlədən magistral yolun kənarında uzun illər çılpaq vəziyyətdə qalmış və ölkə prezidentinin tapşırığına əsasən, ETSN-in əməkdaşları tərəfindən yetişdirilmiş meşə ərazisindən 1,2 hektar sahəni əhatə edib.

Yanğın ETSN-in yerli qurumları, Hacıqabul rayon İcra Hakimiyyəti, habelə Fövqəladə Hallar Nazirliyinin Hacıqabul rayon dövlət yanğından mühafizə hissəsinin əməkdaşlarının səyləri nəticəsində söndürülüb. Yanğın nəticəsində ağaclara ciddi ziyan dəyməyib.

Daha bir yanğın hadisəsi isə Qusar rayonu ərazisində qeydə alınıb. İyulun 26-sı saat 13:00 radələrində Qusar rayonunun Ləcət bələdiyyəsinə aid torpaq fondunda mal-qara saxlayanların tonqal yandırması nəticəsində 1 hektar ərazini əhatə edən yanğın hadisəsi baş verib. Yanğın ETSN-in yerli qurumları və Qusar rayon dövlət yanğından mühafizə hissəsinin əməkdaşlarının səyi ilə söndürülüb.

İyulun 26-sı saat 14:30 radələrində isə Oğuz rayonunun Böyük Söyüdlü bələdiyyəsinə aid 2,1 hektar kollu örüş sahəsində sönməmiş siqaret kötüyündən quru otlara od düşməsi nəticəsində yanğın hadisəsi baş verib, küləkli hava şəraiti səbəbindən yanğın 0,9 hektar meşə fondu ərazisinə keçib. Yanğın ETSN-in yerli qurumları və Oğuz rayon dövlət yanğından mühafizə hissəsinin əməkdaşlarının köməkliyi ilə qısa müddət ərzində söndürüldüyündən meşə fonduna ziyan dəyməyib.

ETSN havaların isti və küləkli keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, söndürülməmiş siqaret kötüklərini atmamağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə və milli sərvətimiz olan meşələri qorumağa çağırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR