Bank Of Baku

«Təmiz şəhər naminə» yay məktəbi başa çatıb

«Təmiz şəhər naminə» yay məktəbi başa çatıb
# 30 iyul 2010 13:48 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanda «Ekologiya İli» çərçivəsində yeniyetmələrin diqqətinin ətraf mühitin mühafizəsinə cəlb edilməsi və ekoloji maarifləndirilməsi məqsədilə «Təmiz Şəhər» ASC tərəfindən Quba rayonunun Qəçrəş kəndində təşkil edilmiş «Təmiz şəhər naminə» yay məktəbi başa çatıb.

«Təmiz Şəhər» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, yay məktəbinin keçirilməsində məqsəd orta məktəb şagirdlərinin tullantıların düzgün idarə edilməsi, ətraf mühitin mühafizəsi sahəsində bilik və dünya görüşünün genişləndirilməsi, ətraf mühitin mühafizəsi mövzusunda ictimai müzakirələrin keçirilməsi, həmçinin gənclərin diqqətinin ekoloji mədəniyyətin inkişafına və ətraf mühitin mühafizəsinə yönəldilməsi olub.

Yay məktəbində Bakının 24 orta məktəbindən 62 şagird iştirak edib. Tədris proqramı zamanı yeniyetmələrə «Təmiz Şəhər» ASC-nin əməkdaşları tərəfindən ekoloji mövzularda mühazirələr oxunub, bərk məişət tullantılarının növləri, onların ətraf mühitə və insanların sağlamlığına təsiri, tullantıların zərərsizləşdirilməsi yolları, təkrar emala yararlı tullantılar və bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonları barədə məlumatlar verilib. Şagirdlərlə bu mövzularda interaktiv oyunlar və sual-cavab saatları keçirilib. Tədris proqramının sonunda iştirakçılar arasında tullantıların idarə edilməsi və ətraf mühitin mühafizəsi mövzusunda debat yarışları təşkil edilib. Sonda 16 paytaxt məktəbinin komandasının iştirak etdiyi turnirin iştirakçıları diplomlarla təltif edilib, qaliblərə xatirə hədiyyələri təqdim olunub.

«Təmiz Şəhər» ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov tədris proqramının yekunu ilə bağlı şagirdlərlə keçirdiyi görüşdə dövlət tərəfindən ətraf mühitin mühafizəsi, təbiətə və insan sağlamlığına mənfi təsirlərin qarşısının alınmasına yönəlmiş tədbirlər və «Təmiz Şəhər» ASC-nin fəaliyyəti haqqında məlumat verib, yeniyetmələrə gələcək peşə seçimində ekoloji ixtisaslara xüsusi diqqət yetirməyi tövsiyə edib.

Qeyd edək ki, «Vətəndaş Cəmiyyətində Debat» İctimai Birliyinin dəstəyi ilə təşkil edilən yay məktəbində iştirak ödənişsiz olub və nəqliyyat, qida, yaşayış, təlim-tədris və asudə vaxtın təşkili xərcləri «Təmiz Şəhər» ASC tərəfindən təmin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR