Bank Of Baku

Kasetli Silahlara dair Konvensiya qüvvəyə minib

Kasetli Silahlara dair Konvensiya qüvvəyə minib
# 02 avqust 2010 10:00 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Kasetli silahların qadağan olunmasını nəzərdə tutan Kasetli Silahlara dair Konvensiya bu il avqustun 1-dən qüvvəyə minib. APA-nın məlumatına görə, Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib ki, konvensiya Norveç hökumətinin təşəbbüsü ilə iki il əvvəl təsdiqlənib və Oslo prosesi başlayandan Azərbaycan hökuməti də bu prosesə biganə qalmayıb.

Norveçin Azərbaycandakı səfirliyinin I katibi Lars Ragnar Aalerud Hansen bildirib ki, bu konvensiya ilk növbədə kasetli silahların qurbanlarına çevrilmiş insanlara yardım göstərilməsini nəzərdə tutur: “Kasetli silahlar mülki və hərbi şəxslər arasında heç bir fərq qoymur, onları yaralayır və öldürür. Bu sənəd silahların istifadəsinə qadağa qoyur. Konvensiyanın icrası hər şeydən əvvəl yüz milyonlarla insanın kasetli silahlardan əziyyət çəkməsinin qarşısını alacaq”.

Norveç diplomatı Azərbaycan hökumətini də bu konvensiyaya mümkün qədər tez qoşulmağa çağırıb. Onun sözlərinə görə, Azərbaycan konvensiyaya qoşularsa, beynəlxalq əməkdaşlıqdan bəhrələnə bilər.

Xarici İşlər Nazirliyinin Silahlara nəzarət şöbəsinin aparıcı əməkdaşı Elçin Hüseynli isə bəyan edib ki, Norveç hökumətinin bu sahədəki addımlarını Azərbaycan hökuməti də alqışlayır. O qeyd edib ki, Azərbaycan silahlara nəzarət və tərksilah sahəsində humanizm nümayiş etdirir: “Biz demirik ki, konvensiyaya qoşulmaq istəmirik. Azərbaycanda hərbi əməliyyatların bərpası təhlükəsi qalmaqdadır. Ermənistan işğal siyasətini davam etdirir. Qarşı tərəf ərazilərdə minalar yerləşdirir. Buna görə də Azərbaycan konvensiyaya qoşulmaqdan çəkinir. Buna baxmayaraq, Azərbaycan konvensiyanın prinsiplərini alqışlayır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR