Bank Of Baku

ETSN Azərbaycana nərə cinsli balıqların ovuna kvota verilməməsi və brakonyerlərin Qazaxıstan sularına hücum etmələri barədə məlumatlara aydınlıq gətirib

ETSN Azərbaycana nərə cinsli balıqların ovuna kvota verilməməsi və brakonyerlərin Qazaxıstan sularına hücum etmələri barədə məlumatlara aydınlıq gətirib
# 03 avqust 2010 10:09 (UTC +04:00)
APA-nın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ETSN Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti rəhbərliyinin baş məsləhətçisi, Xəzərin su bioresursları komissiyasının daimi üzvü Tariyel Məmmədli bildirib ki, Xəzərin Su Bioresursları Komissiyasının bu il iyunun 14-16-da Tehranda keçirilmiş 31-ci iclasında imzalanmış protokol əsasında 2010-cu il üçün Azərbaycanın ümumi ov kvotası 84, o cümlədən nərə balığı üzrə 46, uzunburun balığı üzrə isə 38 tondur.

Nərə cinsli balıqlar üzrə Azərbaycana bu il üçün ov kvotası verilməməsi barədə yayılan məlumatları yanlış sayan T. Məmmədli qeyd edib ki, Xəzərin Su Bioresursları Komissiyasının son illərdə keçirdiyi iclaslarda Azərbaycan tərəfi bölgə və kələmo (şip) balıqlarının ehtiyatının tükənməkdə olduğunu nəzərə alaraq, bu balıqların sənaye ovundan imtina etməyi təklif edib. Lakin tərəflərin heç biri bu təklifi qəbul etməyib. Azərbaycan isə hələ bir neçə il əvvəl ovundan imtina etdiyi kələmo balığından əlavə 2009-cu ildən bölgə balığının da ovundan birtərəfli qaydada imtina edib ki, bu da 6 ton bölgə balığı və 300 kiloqram bölgə kürüsü deməkdir.

Həmin iclasda ümumi Xəzər hövzəsi üzrə nərə cinsli balıqların ov kvotası 7 faiz aşağı salındığı halda, Azərbaycan tərəfi bölgə balığının kvotasından imtina etməsinə baxmayaraq, ümumilikdə bu rəqəm 6,7 faiz təşkil edib. Bu da nərə və uzunburun balığının kvotasının 2008-ci ilə nisbətən artdığını göstərir.

T. Məmmədli Xəzər dənizinin Azərbaycana aid bölməsində nərəkimilərin ehtiyatının tükəndiyi üçün brakonyerlərin Qazaxıstan sularına hücum etmələri barədə yayılan məlumata da münasibət bildirib. O qeyd edib ki, Azərbaycanın məhəlli sularında nərə cinsli balıqların ehtiyatının kəskin azalması barədə məlumatlar əsassızdır: “2009-cu ildə keçirilmiş son dəniz ekspedisiyasının nəticələrinə görə, Azərbaycanın məhəlli sularında Kür nərəsinin ehtiyatının stabil olması, uzunburun balığının ehtiyatının isə qonşu ölkələrdə olan ehtiyatdan heç də aşağı olmadığı təsdiqini tapıb. Məhz bu tədbirlərin nəticəsidir ki, Xəzərin Azərbaycan məhəlli sularında qanunsuz nərə cinsli balıq ovu ilə məşğul olan gəmilərin sayı minimuma enib və 2010-cu ilin ötən dövrü ərzində cəmi bir orta sututumlu gəmi (“Dalğa”) qanunsuz fəaliyyətə görə saxlanılıb. Tərtib edilmiş sənədlər qanuna müvafiq qaydada tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilib. Bundan əlavə, qeyri-qanuni balıq ovu üçün kustar üsulla hazırlanmış müxtəlif bir neçə növ su nəqliyyat vasitəsi saxlanaraq barələrində müvafiq tədbirlər görülüb”.

T. Məmmədli deyib ki, balıq ehtiyatlarının azalmasına görə deyil, məhz qanunsuz balıq ovuna qarşı ETSN-nin Sərhəd Xidməti və daxili işlər orqanları ilə birlikdə apardığı sərt mübarizə tədbirlərinin nəticəsində brakonyerliklə məşğul olanlar Qazaxıstan sularına üz tuturlar. Onun sözlərinə görə, balıq ovu üçün bilet olmadığından (bu sənəd yalnız Azərbaycan məhəlli suları üçün keçərlidir) gəmilərin harada və nə işlə məşğul olmasına görə məsuliyyəti Azərbaycanın dövlət orqanları deyil, bu gəmilərin sahibləri və kapitanlar daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR