Bank Of Baku

Tovuzda “XXI əsrdə zorakılıq əleyhinə əsas amil kimi daxili mədəniyyətin möhkəmləndirilməsi” mövzusunda konfrans keçirilib

Tovuzda “XXI əsrdə zorakılıq əleyhinə əsas amil kimi daxili mədəniyyətin möhkəmləndirilməsi” mövzusunda konfrans keçirilib
# 30 avqust 2010 19:06 (UTC +04:00)
Tovuz. Ayxan Hüseynov-APA. Bu gün Tovuzda “XXI əsrdə zorakılıq əleyhinə əsas amil kimi daxili mədəniyyətin möhkəmləndirilməsi” mövzusunda konfrans keçirilib.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, millət vəkili Qənirə Paşayeva və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın qatıldığı Qərb regionunu əhatə edən regional konfransda Tovuz, Qazax, Ağstafa, Şəmkir və Gədəbəy rayonlarından olan fəal qadınlar iştirak edib. Konfransda çıxış edən rayon İcra hakimiyyəti başçısı Tofiq Zeynalov bölgədə və xüsusən də Tovuz rayonunda aparılan işlər barədə məlumat verərək bildirib ki, son vaxtlar ölkəmizdə aparılan uğurlu iqtisadi-siyasət nəticəsində digər rayonlar kimi Tovuzda özünün yüksəliş dövrünü yaşayır. Burada sahibkarlara, iş adamlarına yüksək səviyyəli şəraitin yaradıldığını qeyd edən icra başçısı qadınların işlə təminatına daim diqqət yetirildiyini qeyd edib.

İcra Hakimiyyəti başçısının müavini Fikrət Tağıyev rayonda qadınların cəmiyyətdə rolu barədə məlumat verərək bildirib ki, Tovuzda 159 min 764 nəfər əhalidən 79 min 400 nəfərini qadınlar təşkil edir. O təhsil sahəsində çalışan 4069 nəfərdən 3016 nəfərini, tibb sahəsində isə 2122 nəfərdən 1809 nəfərini qadınların təşkil etdiyini qeyd edib.

Millət vəkili Qənirə Paşayeva çıxışında məişət zorakılığına qarşı mübarizənin vacibliyindən danışıb. O qeyd edib ki, bəzi ölkələrdə zorakılıq halları olsa da, belə hallar gizlədilir.
"Lakin bu formada zorakılıq bir az da artacaq. Biz isə bu sistemin əksinə olaraq zorakılıq hallarına rast gələn kimi ona qarşı mübarizə aparmalıyıq ki, xoşagəlməz hallar artmasın", - deyən millət vəkili bildirib.

Paşayeva qeyd edib ki, ona daxil olan ərizələrin əksəriyyəti əmlak məsələləri ilə bağlı olur.
"Boşanma vaxtı əmlak bölgüsündə daim mübahisələr olur. Məhz belə halların qarşısını almaq üçün mütləq vacibdir ki, nikaha daxil olan şəxslər arasında əmlak məsələləri ilə bağlı nikah müqaviləsi imzalansın. Bu isə gələcəkdə ailələrin xoşagəlməz hallarla qarşılaşmasının qarşısını alar", deyə deputat vurğulayıb. Paşayevanın sözlərinə görə, nikah zamanı məcburi tibbi arayış və nikah müqaviləsinin tətbiqi vacibdir. Deputatın fikrincə, bu, genefondumuzun qorunması və sağlam gələcək üçün çox vacib amildir.

Millət vəkili vurğulayıb ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, o cümlədən bir sıra millət vəkilləri Ailə Məcəlləsində müəyyən dəyişikliklərin aparılması təklifi ilə çıxış edirlər: “Bu təkliflər arasında erkən nikahlara qarşı mübarizə aparılması istiqamətində nəzərdə tutulan addımlardan biri kimi qızların rəsmi nikah yaşının da oğlanlarla eyni həddə - 18 yaşa qaldırılması da var. Və bu, çox ədalətlidir, çünki hər bir gənc qız orta məktəbi 18 yaşında bitirir. Eyni zamanda, Məcəlləyə dəyişiklik arasında məcburi tibbi arayışın verilməsi və nikah müqaviləsinin imzalanması da var”.

Deputat deyib ki, parlamentdə yaxın gələcəkdə Məcəlləyə dəyişikliklər edilməsi zamanı bu mövzuların geniş müzakirə olunacağına və cəmiyyətimizi bu istiqamətdə narahat edən problemlərin aradan qaldırılacağına inanır.

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova jurnalistlərə açıqlamasında keçirilən konfransın əhəmiyyətindən danışaraq, tədbirin keçirilməsində əsas məqsədin məişət zorakılığı barədə qadınları maarifləndirmək və bu sahədə qəbul edilən qanunlarla qadınları tanış etmək olduğunu bildirib:
“Milli məclisdə qəbul olunan məişət zorakılığı ilə bağlı qərar cəmiyyətdə çox böyük maraq doğurub. Komitə bu məsələ ilə daim məşğul olur və biz məsələ ilə bağlı çoxlu görüşlər keçiririk. Lakin biz qərara gəldik ki, qanunun icrası və onun müzakirəsi ilə bağlı bütün rayonlarda konfrans formasında görüşlər keçirək və insanlar daha yaxından dərk etsinlər ki, bu qanun nə üçün qəbul olunur”. H. Hüseynova təbirdə tək qanunla tanışlıq yox həmçinin cəmiyyətdə qadının rolu, qadınların fəallığı və Azərbaycanda ailə modelinin təbliği, adət ənənələrin qorunub saxlanılması məsələləri, erkən nikah və qızların təhsildən yayınması halları ilə bağlı müzakirələr aparıldığını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR