Bank Of Baku

Elmira Süleymanova Ağcabədidə ictimai dinləmələr keçirib

Elmira Süleymanova Ağcabədidə ictimai dinləmələr keçirib
# 04 sentyabr 2010 10:12 (UTC +04:00)
Bakı-APA. Ombudsman Elmira Süleymanova Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) təbliği və tətbiqi vəziyyətinin monitorinqi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə Ağcabədi rayonunda növbəti ictimai dinləmə keçirib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ictimai dinləmədə rayon icra hakimiyyəti və bələdiyyələrin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, yerli qeyri-hökumət təşkilatların, KİV-lərin və icmaların nümayəndələri iştirak ediblər. Müvəkkil ictimai dinləmənin əhəmiyyətini qeyd edərək, Azərbaycanda hər hansı ayrı-seçkiliyə yol vermədən insan hüquq və azadlıqların müdafiəsinin dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri olduğunu diqqətə çatdırıb. O, ölkəmizdə regionların sosial-iqtisadi inkişaf proqramının sürətlə həyata keçirildiyini, yaşayış səviyyəsinin yaxşılaşdırıldığını, bu günlərdə dövlət başçısının müvafiq sərəncamlarına əsasən, minimum aylıq əməkhaqqının və yaşa görə əmək pensiyasının baza hissəsi məbləğlərinin 2010-cu il sentyabrın 1-dən 85 manata qədər müəyyən edilməsinin əhəmiyyətini diqqətə çatdırıb, ölkəmizdə, o cümlədən bu rayonda uğurla icra olunan MFP və həmin sənədin istiqamətləri, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar və perspektivlər, habelə Ombudsman təsisatının fəaliyyəti barədə ətraflı məlumat verib.

Ombudsman qarşıdan gələn Parlament seçkilərini nəzərə alaraq, seçki hüquqlarının prioritet məsələ olduğunu, Seçki Məcəlləsinə zəruri əlavə və dəyişikliklərin edildiyini, ölkə prezidentinin bu sahədə müvafiq sərəncamlarının əhəmiyyətini və bu sənədlərin təbliğinin zəruriliyini vurğulayıb, əhalini seçkilərdə fəal iştirak etməyə çağırıb. O, son bələdiyyə seçkilərindən sonra bələdiyyə üzvü olan qadınların sayının bir neçə dəfə artdığını müsbət hal kimi qiymətləndirib, onlara bu vəzifədə daha məsuliyyətlə çalışmağı, bu qurumların işini təkmilləşdirməyi, icmaları səfərbər etməyi, müsbət xarici və yerli təcrübəni öyrənməyi tövsiyə edib. Elmira Süleymanova Ombudsman təsisatının və bir sıra dövlət qurumlarının qaynar xətləri barədə məlumat verərək, insanların müraciətlərinə dərhal baxıldığını vurğulayıb, MFP-nin nüsxələri, illik nəticələrin müzakirəsi ilə bağlı keçirilmiş yekun konfranslarının kitab şəklində nəşr olunmuş materialları, təsisat tərəfindən hazırlanmış digər maarifləndirici vəsaitlər təqdim olunub. Müvəkkil habelə rayon rəhbərliyi, prokuroru və hakimlərlə birgə Ağcabədi üzrə ünvanına daxil olmuş şikayətləri araşdırıb, müvafiq tapşırıqlar verib, bir sıra müraciətlər yerində həllini tapıb.

Ombudsman səfər çərçivəsində İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmin (MPM) funksiyalarının icrası məqsədilə əsaslı təmir edilmiş və standartlara tam cavab verən Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) müvəqqəti saxlama təcridxanasına baxış keçirib, saxlanılan şəxslərlə söhbət aparıb, onlara hüquqlarını izah edib. Həmin şəxslər burada saxlanma şəraitindən və müəssisə əməkdaşlarının onlara qarşı rəftarından şikayət etməyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR