Bank Of Baku

Neftçalada ictimai dinləmələr keçirilib

Neftçalada ictimai dinləmələr keçirilib
# 08 sentyabr 2010 20:54 (UTC +04:00)
Bakı-APA. Ombudsman Elmira Süleymanova Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) təbliği və tətbiqi vəziyyətinin monitorinqi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə Neftçala rayonunda növbəti ictimai dinləmə keçirib. Bu barədə APA-ya Ombudsman aparatından məlumat veriblər.
İctimai dinləmədə rayon icra hakimiyyəti və bələdiyyələrin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, yerli qeyri-hökumət təşkilatların, KİV-lərin və icmaların nümayəndələri iştirak ediblər.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tədbiri açaraq öz məruzəsində ölkə prezidentinin dəstək və qayğısı nəticəsində, Regionların sosial-iqtisadi inkişafı Proqramına müvafiq olaraq, respublikamızda, o cümlədən bu rayonda abadlıq-quruculuq işlərinin həyata keçirildiyini, əhalinin vəziyyətinin yaxşılaşdığını və bu sahədə işlərin davam etdirildiyini bildirib. O, rayonda Azəryod və Şüşə zavodlarının fəaliyyət göstərdiyini, balıq ovu və istehsalının inkişaf etdirildiyini, Qarabağ əlilləri və şəhid ailələri üçün çoxmənzilli evlərin, mədəniyyət və incəsənət saraylarının, yeni inzibati binaların, yeni məktəblərin və səhiyyə obyektlərinin tikildiyini, parkların salındığını, magistral kanalının, yolların çəkildiyini, kəndlərin işıq və qazla təmin olunduğunu, yerli sahibkarlara və fermerlərə geniş imkanlar yaradıldığını diqqətə çatdırıb.
Məruzəçi habelə insan hüquqlarının müdafiəsinin və MFP-nin əhəmiyyətini qeyd edərək, rayonda bu sahədə görülmüş işlər, insan hüquqları ilə bağlı tədbirlər, vətəndaşların qəbulu, müraciətlərinə baxılması və digər tədbirlər haqqında ətraflı məlumat verib.
Ombudsman ölkəmizdə, o cümlədən bu rayonda icra olunan MFP, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar və perspektivlər, habelə Ombudsman təsisatının, o cümlədən Müvəkkilin Cəlilabad regional mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verib.
Ombudsman qarşıdan gələn parlament seçkilərini, seçki kampaniyasına artıq start verildiyini nəzərə alaraq, seçki hüquqlarının prioritet məsələ olduğunu, Seçki Məcəlləsinə zəruri əlavə və dəyişikliklərin edildiyini, ölkə Prezidentinin bu sahədə müvafiq Sərəncamlarının əhəmiyyətini və bu sənədlərin təbliğinin zəruriliyini vurğulamış, əhalini seçkilərdə fəal iştirak etməyə çağırıb.
Tədbirdə E.Süleymanova bu rayonda MFP-nin icrası, insan hüquqlarının müdafiəsi, seçki hüquqlarının, o cümlədən seçicilərin şəxsiyyət vəsiqəsi ilə təmini, məhkəmə qərarlarının icra olunması və digər zəruri məsələləri müzakirəyə çıxarıb.
61 saylı DSK-nın sədri seçki prosesinə start verildiyini, Seçki Məcəlləsi və müvafiq təlimatlara uyğun olaraq iş aparıldığını, seçki komissiyaları üçün təlimlər təşkil edildiyini, seçki məntəqələrində lazımi şəraitin yaradıldığını, seçki hüquqları sahəsində müntəzəm olaraq maarifləndirmə işinin təşkil olunduğunu, həmçinin seçici siyahılarının təkmilləşdirildiyini, mütəmadi olaraq məlumatların dərc edildiyini və yayıldığını, vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi vəziyyəti haqqında məlumatları qeyd edib.
Müzakirələrdə rayon hakimi, polis rəisi, təhsil şöbəsinin müdiri, həkimlər və digər iştirakçılar çıxış edərək, rayonda MFP və insan hüquqları üzrə fəaliyyət, son məhkəmə-hüquq islahatları, ölkə prezidentinin müvafiq fərmanlarına əsasən, yeni məhkəmələrin yaradılması və regionlarda yerləşdirilməsi, məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsi istiqamətdə bir sıra qanunlara və normativ hüquqi aktlara dəyişiklik və əlavələr edilməsi, kriminogen durumun sabitliyi, təhsil və səhiyyə hüquqları ilə bağlı fəaliyyət, maarifləndirmə tədbirləri və digər məsələlər barədə məlumat veriblər.
Eyni zamanda bir sıra problemlər, o cümlədən vəkillərin azlığı, qaz təminatı ilə bağlı çətinliklər səsləndirilib.
Ombudsman MFP-nin icrasında birgə səylərin, dövlət orqanlarının QHT və icmalarla birgə əhali ilə görüşlər keçirməsinin, əhalinin bütün qruplarının hüquqlarının müdafiəsinin diqqətdə saxlanmasının, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinin, QHT-lərin sayının artırılmasının, vətəndaş cəmiyyəti və icmaların daha fəal olmasının, narkomaniyaya qarşı mübarizənin gücləndirilməsinin, əhali arasında hüquqi maarifləndirmənin zəruriliyini vurğulayıb. O, habelə vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunmasının, bu sənədlərin etibarlılıq müddəti ilə bağlı vaxtında dəyişdirilməsinin, seçkilərin azad və demokratik keçirilməsi üçün hakimiyyət orqanları və polisin müdaxilə etməsinin yolverilməzliyini qeyd edib.
Rayon rəhbərliyi və digər iştirakçılar ictimai dinləmənin təşkilinə, sakinlərə göstərdiyi diqqətə, səmərəli təklif və tövsiyələrə görə Ombudsmana təşəkkür ediblər.
Ombudsman rayon icra hakimiyyətinin başçısı ilə birgə Azəryod MMC-yə baxış keçiriб, burada istehsal ilə tanış oluб, müəssisənin fəaliyyəti barədə məlumat alıb.
Ombudsman səfər çərçivəsində İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmin (MPM) funksiyalarının icrası məqsədilə Neftçala Rayon Polis Şöbəsinin (RPŞ) müvəqqəti saxlama təcridxanasına baxış keçirib, saxlanılan şəxslərlə söhbət aparıb, onlara hüquqlarını izah edib. Həmin şəxslər burada saxlanma şəraitindən və müəssisə əməkdaşlarının onlara qarşı rəftarından şikayət etməyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR