Bank Of Baku

Azərbaycanın cənub bölgəsində sel sularının yaratdığı fəsadlar aradan qaldırılır

Azərbaycanın cənub bölgəsində sel sularının yaratdığı fəsadlar aradan qaldırılır
# 13 sentyabr 2010 15:28 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Azərbaycanın cənub bölgəsində sentyabrın 9-dan yağan leysan yağışların fəsadlarının aradan qaldırılmasına başlanıb. APA-nın cənub bürosunun məlumatına görə, 3 gün ərzində sel suları Lənkəran, Astara və Lerik rayonlarında yüzlərlə şəxsi təsərrüfata və eləcə də sosial obyektlərə ciddi ziyan vurub. Güclü sel əhalinin iri və xırda buynuzlu mal-qarasını, ev quşlarını tələf edib. Lənkəran şəhərinin Vüqar Kərimov, Cavanşir və Vidadi küçələrində, o cümlədən rayonun Sütəmurdov, Yuxarı Nüvədi, Rvo kəndlərindəki onlarla yaşayış evinin həyətyanı ərazisi lil qatı ilə örtülüb, əhalinin əmlakı, ərzaq məhsulları yararsız hala düşüb.
Sel suları Lənkəran rayonunun elektrik təsərrüfatını da iflic vəziyyətə salıb. Güclü yağışlar 4 yüksək gərginlikli dayağı aşırıb, rayondakı bütün 10 kilovatlıq elektrik xətləri ciddi zədə alıb. Bunun da nəticəsində bir sıra yaşayış məntəqələrinə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Lənkəran rayon Fövqəladə Hallar Komissiyasından APA-ya bildirilib ki, təbii fəlakət nəticəsində rayona dəymiş ziyanın miqyasını müəyyənləşdirmək məqsədilə yerlərdə xüsusi qruplar işləyir. Ayrı-ayrı müəssisələrin təcrübəli mütəxəssislərindən təşkil olunmuş təmir-bərpa briqadaları isə daşqın zamanı yaranmış dağıntıların təmizlənməsi ilə məşğuldurlar.
Lənkəran Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Habil Sadıqov APA-ya sel sularının altında qalmış evlərdə yayıla biləcək hər hansı yoluxucu xəstəliklərin qarşısını almaq məqsədi ilə qabaqlayıcı tədbirlərin, o cümlədən dezinfeksiya işlərinin görüldüyünü bildirib.
Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun APA-ya verdiyi məlumata görə, Lənkəran-Lerik avtomobil yolunda sel sularının yaratdığı problemlər bu gün aradan qaldırılsa da, yolda təhlükə hələ də yaşanmaqdadır. Belə ki, yolun 23, 29 və 30-cu kilometrliyində sürüşmə baş verdiyindən yol daralıb və bu isə magistral yolun gələcəkdə tamamilə bağlanmasına səbəb ola bilər. H. Məlikovun sözlərinə görə, sel suları həmçinin yolun yaxınlığından keçən 50-dən çox rabitə dirəyini, çoxlu ağacı kökündən çıxararaq aşırıb. Hazırda Lerik rayon 43 saylı yol istismar idarəsinin və telekommunikasiya qovşağının təmir briqadaları Lənkəran-Lerik avtomobil yolunda bərpa işləri aparırlar.
Qeyd edək ki, Lerikdə təbii fəlakətdən daha çox ziyan çəkən rayonun Piran kəndi olub. Burada sel suları nəticəsində 10-a yaxın fərdi yaşayış evində çatlar əmələ gəlib, əhalinin şəxsi təsərrüfatları ziyan çəkib, mal-qara və ev quşları tələf olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR