Bank Of Baku

Bakıda “İnsan alverinə qarşı maarifləndirmənin rolu” mövzusunda dəyirmi masa keçirilib

Bakıda “İnsan alverinə qarşı maarifləndirmənin rolu” mövzusunda dəyirmi masa keçirilib
# 15 sentyabr 2010 10:53 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. Bu gün Bakıda “İnsan alverinə qarşı maarifləndirmənin rolu” mövzusunda dəyirmi masa keçirilib. APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova insan alverinin hər zaman aktual bir problem olduğunu vurğulayıb: “Bu problem dünya təşkilatlarının diqqət mərkəzindədir. İnsan alveri qadınların və uşaqların hüquqlarının pozulmasına səbəb olur. Biz insan alveri ilə bağlı film çəkib məktəblərə paylamışıq. Bunun maariflənməyə çox böyük xeyri oldu”.

Daha sonra tədbirdə Latviyanın sabiq prezidenti Vayr Vike Frayberq çıxış edib. O insan alverinin bütün dünyada mövcud olduğunu, bunun nəticəsində qadınların hüquqlarının kobud şəkildə pozulduğunu, onların cinsi və fiziki istismara məruz qaldığını deyib: “Qanunvericilikdə bu məsələyə çox ciddi yanaşmaq lazımdır. Cinayətkarları təkcə həbs etmək lazım deyil. Eyni zamanda qurbanları reabilitasiya etmək vacibdir”.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev isə insan alveri ilə mübarizədə Milli Təhlükəsizlik Nazirliyi, Baş Prokurorluq, Ədliyyə Nazirliyi və digər qurumlarla sıx əməkdaşlıq etdiklərini bildirib: “2007-ci ildən “Qaynar xətt” fəaliyyətə başlayıb. Bundan əlavə idarəmizin rəsmi saytı fəaliyyət göstərir ki, həmin sayt vasitəsi ilə məlumatlar insanlara çatdırılır. 2009-cu ildən insan alverinin qurbanı olan uşaqlar üçün sığınacaq istifadəyə verilib. Həmin sığınacaq hər bir ləvazimatla təchiz olunub. İnsan alveri ilə mübarizə üzrə birinci Milli Fəaliyyət Planı uğurla başa çatıb. 2009-2013-cü illər üçün ikinci Milli Fəaliyyət Planı hazırlanıb. 144 nəfər insan alverinin qurbanına tibbi xidmət göstərilib”.

Millət vəkili Qənirə Paşayeva isə insan alveri ilə mübarizədə mətbuatın və QHT-lərin rolundan danışıb. O, bildirib ki, bu məsələ ilə bağlı maarifləndirmə işlərinin aparılmasına çox ehtiyac var.

Ədliyyə Nazirliyinin İnsan Haqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov 2010-cu ildə insan alveri ilə əlaqədar 24 nəfərin həbs olunduğunu bildirib. O, da bu sahədə əməkdaşlığın zəruriliyindən danışıb.

Regional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayılova isə təkcə Bakıda deyil eyni zamanda regionlarda da insan alverinə qarşı mübarizənin gücləndirilməsini vacib hesab etdiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR