Bank Of Baku

Bu gündən səhiyyə işçilərinin sertifikasiyası üçün sənəd qəbuluna başlanılıb

Bu gündən səhiyyə işçilərinin sertifikasiyası üçün sənəd qəbuluna başlanılıb
# 01 dekabr 2010 11:54 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Səhiyyə Nazirliyi praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesini həyata keçirilməsi üçün bu gündən sənədlərin qəbuluna başlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya bildirib ki, ölkədə ilk dəfə keçirilən sertifikasiya Nazirlər Kabinetinin bu ilin iyunun 8-də verdiyi qərarla təsdiqlənmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası” na uyğun həyata keçirilir. Məcburi qaydada keçirilən sertifikasiyanın məqsədi əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsini təmin etmək, ölkədə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlığını yoxlamaqdır.
A.Qədirli deyib ki, yanvardan sertifikasiya üçün 40 ixtisas üzrə imtahanların keçirilməsinə başlanacaq. Mütəmadi olaraq, keçiriləcək sertifikasiya prosesinə ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri beş ildə bir dəfə cəlb ediləcəklər. Hamilə qadınlar, uşağı üç yaşınadək sosial məzuniyyətdə olan və məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar, həmçinin uşağını təkbaşına böyüdən kişilər sertifikasiyaya cəlb edilməyəcəklər. Sertifikasiyadan keçən şəxslərə sertifikasiya şəhadətnaməsi veriləcək və onlar 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR