Bank Of Baku

Hidayət Orucov Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb

Hidayət Orucov Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb
# 01 dekabr 2010 12:09 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Herbert Kvelleni qəbul edib. Bu barədə APA-ya DQİDK-nin mətbuat xidmətindən məlumat verilib.
Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycanda bütün dinlərə və onların mənsublarına, o cümlədən lüterantların və katoliklərin də dini inanclarına hörmətlə yanaşılır, onların öz ayinlərini layiqincə icra etmələri üçün şərait yaradılır: “Tarixən etnik-dini tolerantlıq məkanı olan Azərbaycanda heç zaman milli ayrı-seçkilik səbəbindən münaqişələr baş verməyib”.
Səfirin nəzərinə çatdırılıb ki, hətta II Dünya müharibəsinin ən qızğın illərində alman ədəbiyyatı və mədəniyyətinin bəşəri idealları Azərbaycanda təbliğ olunub: “Təkcə onu demək kifayətdir ki, Şillerin “Qaçaqlar” pyesi həmin vaxt Azərbaycan Dram Teatrında böyük uğurla tamaşaya qoyulub”.

Herbert Kvellen deyib ki, Azərbaycanda milli-dini dözümlülük mühiti dünya ictimaiyyəti tərəfindən qəbul olunmuş faktdır: “Tolerantlığın dövlət siyasəti olduğu belə bir ölkədə çalışmaq xeyli xoşdur”.
Səfir dinlərarası dialoq mövzusuna həsr olunmuş konfrans və dünya dinləri liderlərinin sammitinə ev sahibliyi edən Azərbaycanın beynəlxalq tədbirlər məkanı kimi də maraqlı ölkə olduğunu qeyd edib. Diplomat bəzi müasir dini cərəyanlar haqqında mülahizələrini də bölüşüb.

Görüşdə hər iki tərəfi maraqlandıran digər məsələlər də müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR