Bank Of Baku

Sumqayıtda məişət tullantılarının idarə edilməsi üzrə yeni konsepsiya hazırlanacaq

Sumqayıtda məişət tullantılarının idarə edilməsi üzrə yeni konsepsiya hazırlanacaq
# 03 dekabr 2010 09:31 (UTC +04:00)
Sumqayıt - APA-Economics. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev Almaniyanın Lüdviqshafen şəhərinin nümayəndə heyətini qəbul edib.

Sumqayıt ŞİH-dən “APA-Economic”ə verilən məlumata görə, görüşdə əsas müzakirə mövzusu məişət tullantılarının idarəçiliyi və bu sahənin gələcək inkişaf perspektivləri olub.

Qonaqları salamlayan şəhər rəhbəri Sumqayıt-Lüdviqshafen tərəfdaşlığında kommunal təsərrüfatın, o cümlədən məişət tullantıları sahəsinin önəmli yer tutduğunu, sumqayıtlı mütəxəssislərin vaxtaşırı olaraq Almaniyada bu sahədə təcrübə mübadiləsi apardıqlarını bildirib: “Ötən günlərdə Sumqayıt şəhər Təmizlik Departamentinin rəhbəri Almaniyada olub və sizin qabaqcıl təcrübənizlə tanışlıq imkanı əldə edib. Son illər Sumqayıtda məişət tullantılarının toplanması, daşınması və poliqonda zərərsizləşdirilməsi üzrə mühüm işlər görülüb. Lakin şəhərətrafı yaşayış massivlərinə xidmətin təkmilləşdirilməsinə və maddi-texniki bazanın gücləndirilməsinə hələ də ehtiyacımız var. Bu mənada biz 33 illik dostluq əlaqəsinə malik olduğumuz Lüdviqshafen şəhəri ilə əməkdaşlığın daha da genişlənməsinə ümid edirik”.

Səmimi qəbula görə təşəkkür edən Lüdviqshafen şəhərinin kommunal təsərrüfatının direktoru Klaus Noyşvender Sumqayıta hər səfərlərində şəhərin daha abad və daha gözəl olduğunu əyani şəkildə müşahidə etdiklərini deyib. 2003 və 2007-ci illərdə Sumqayıt şəhərində məişət tullantılarının idarə edilməsi üzrə konsepsiya hazırladıqlarını bildirən K.Noyşvender Təmizlik Departamenti adlı yeni struktur yaradıldığına görə konsepsiyanın da yenilənməsinin vacibliyini qeyd edib. Konsepsiyada tullantılarının təkrar emalı müəssisəsinin tikintisi imkanları da öz əksini tapacaq. Əməkdaşlığın inkişafı ilə bağlı 2011-ci ildə də tərəflərin qarşılıqlı səfərlərinin nəzərdə tutulduğu bildirilib.

Görüşün sonunda Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə “Cənubi Qafqazda yerli idarəetmənin inkişafına dəstək” proqramında Sumqayıt və Lüdviqshafen partnyor şəhərlərinin iştirakına dair Sazişin imzalı nüsxələri Sumqayıt tərəfinə təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR