Bank Of Baku

Qəbələdə “Yanğın təhlükəsizliyi: Müəssisə və təşkilatların hüquq və vəzifələri” mövzusunda regional seminar keçirilib

Qəbələdə “Yanğın təhlükəsizliyi: Müəssisə və təşkilatların hüquq və vəzifələri” mövzusunda regional seminar keçirilib
# 07 dekabr 2010 11:22 (UTC +04:00)
Qəbələ. Şahnəzər Bəşirov - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX), Sahibkarlar Təşkilatları Milli Konfederasiyası və Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı nümayəndəliyi birgə olaraq bu gün Qəbələ şəhərində “Yanğın təhlükəsizliyi: Müəssisə və təşkilatların hüquq və vəzifələri” mövzusunda regional seminar keçirib. APA-nın yerli bürosunun məlumatına görə, FHN-in 5 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində təşkil olunan seminarda Qəbələ, İsmayıllı, Şəki, Zaqatala, Balakən, Oğuz, Qax, Şamaxı, Ağsu və Ağdaş rayonlarında fəaliyyət göstərən 120 sahibkar iştirak edib. Seminarda DYNX-nin yanğına qarşı təbliğat şöbəsinin rəisi Hikmət Xudiyev müəssisə və təşkilatlarda dövlət yanğın nəzarəti işinin təşkili, yanğına qarşı təbliğat işinin təşkili mövzusunda məruzə edib, yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində sahibkarların üzərinə düşən vəzifələr, mövcud olan normativ hüquqi sənədlər haqqında ətraflı məlumat verib.

Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı nümayəndəliyinin məsul əməkdaşları dövlət yanğın nəzarəti işinin təşkil olunması ilə əlaqədar beynəlxalq təcrübə haqqında DYNX-nin əməkdaşlarını və sahibkarları məlumatlandırıblar. Seminarda yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilib, yanğın təhlükəsizliyinin tam təmin olunması üçün müvafiq qaydaların tələblərinə riayət edilməsinin vacibliyi vurğulanıb. DYNX-nin əməkdaşları müəssisə və təşkilatlarda yanğın təhlükəsizliyi tədbirləri planının işlənib hazırlanması və onların yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, yanğın törədə biləcək səbəblərin və şəraitin aradan qaldırılmasının təmin olunması, yanğın hadisəsi baş verdikdə sahibkarların və işçilərin, əmlakın təhlükəsiz təxliyəsinin həyata keçirilməsi, yanğının yayılmasının məhdudlaşdırılmasını təmin edən şəraitin yaradılması, yanğının tez ləğv olunmasını təmin edən yanğınsöndürmə vasitələrinin daim hazır vəziyyətdə olması ilə bağlı tövsiyələr veriblər.

Seminarda yanğına qarşı təbliğat işinin səmərəsini artırmaq məqsədilə DYNX-nin və Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycan nümayəndəliyinin birgə nəşr etdirdiyi “Ticarət müəssisələrində yanğın təhlükəsizliyi” adlı kitabça sahibkarlara paylanılıb.
Sonra sahibkarların iştirakı ilə DYNX-nin əməkdaşları Qəbələ şəhərində bir neçə müəssisədə yanğına qarşı texniki baxış keçirib, sahibkarları dövlət yanğın nəzarəti işinin mühüm istiqamətlərindən olan yanğın-texniki müayinənin aparılması qaydası ilə tanış ediblər. Sahibkarları maraqlandıran suallar cavablandırılıb və onlara yanğın zamanı zəruri hərəkətlər haqqında tövsiyələr verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR