Bank Of Baku

Azərbaycanda Beynəlxalq Sosial Təminat Assosiasiyasının Regional Koordinasiya Mərkəzi yaradılacaq

Azərbaycanda Beynəlxalq Sosial Təminat Assosiasiyasının Regional Koordinasiya Mərkəzi yaradılacaq
# 09 dekabr 2010 10:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) MDB və türkdilli ölkələr üzrə Regional Koordinasiya Mərkəzinin Azərbaycanda yaradılması nəzərdə tutulur.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, bu barədə qərar noyabrın 29-da - dekabrın 4-də Keyptaunda (CAR) keçirilən Dünya Sosial Təminat Forumunda qəbul edilib.

DSMF sədri Səlim Müslümovun iştirak etdiyi forumda BSTA-nın qərarı qurumun Baş katibi Hans-Horst Konkolevski tərəfindən rəsmən bəyan olunub. O bildirib ki, qərarla bağlı məlumatlar yaxın zamanlarda müvafiq sosial sığorta-pensiya təşkilatlarına ünvanlanacaq.

Toplantıda BSTA rəhbərliyi tərəfindən Azərbaycanda sığorta-pensiya sahəsində aparılan uğurlu siyasətin və islahatların nəticələrini nəzərə alaraq, Azərbaycanda Sosial sığorta-pensiya məsələləri üzrə Beynəlxalq Tədqiqat və Tədris Mərkəzinin yaradılması təklif edilib. Baş katib qeyd edib ki, mərkəzin yaradılmasının regionda sosial sığorta-pensiya məsələlərinin səmərəli həlli üçün böyük əhəmiyyəti var və BSTA öz bilik və təcrübəsini ortaya qoyaraq bu qurumu dəstəkləməyə hazırdır. Mərkəzin Azərbaycanda yaradılmasının əsas səbəbi kimi ölkədə qısa müddət ərzində bu sahədə böyük nailiyyətlərin əldə olunması, ölkənin iqtisadi qüdrəti, siyasi nüfuzu və idarəetmə sahəsində böyük təcrübəsi qeyd olunub.

Dünya Sosial Təminat Forumunda Azərbaycan nümayəndələri “Masştabı genişlənən avtomatlaşdırılmış idarəetmə sistemləri” və “Sığorta-pensiya sistemlərində aktuar tədqiqatların təşkili və qərar qəbul etmə üsulları” üzrə məruzələrlə çıxış ediblər. Forumda iqtisadi böhran şəraitində sosial təminat sahəsində inkişaf və tendensiyalar, sosial təminat təşkilatlarının idarə edilməsində yeni yanaşmaların müəyyən olunması, əksər dünya ölkələri üçün ciddi problem olan demoqrafik vəziyyət və başqa mövzular müzakirə olunub.

Forum çərçivəsində BSTA-nın yeni prezidenti də seçilib. Bu vəzifəyə Hollandiya Sosial Bankının İdarə Heyətinin sədri Erol Stuv seçilib.

Səfər zamanı DSMF sədri S.Müslümov Polşa, Moldova, Türkiyə, Səudiyyə Ərəbistanı, Fransa, Qazaxıstan, Rusiya, Hollandiya, Almaniya, Estoniya, İsveç və digər ölkələrin sosial sığorta-pensiya təşkilatlarının rəhbərləri ilə görüşlər keçirib, gələcək əməkdaşlığın perspektivlərini müzakirə edib.

Qeyd edək ki, 1927-ci ildə əsası qoyulan BSTA 150-dən çox ölkədən olan 340-a yaxın üzvü olan təşkilatdır. Keyptaundakı sonuncu Forumda 143 ölkədən 1 600 nəfərdən çox nümayəndə iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR