Bank Of Baku

Azad Rəhimov Avropa Şurası Nazirlər Komitəsinin iclasında iştirak edib

Azad Rəhimov Avropa Şurası Nazirlər Komitəsinin iclasında iştirak edib
# 11 dekabr 2010 08:26 (UTC +04:00)
Nazir çıxışında Azərbaycanın Avropa Şurasına üzv olduğu 10 il müddətində gənclər və idman sahəsində əməkdaşlığın uğurla inkişaf etdirildiyi vurğulayıb

Bakı-APA. Dekabrın 8-də Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin 1101-ci iclası keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda idman sahəsində Genişləndirilmiş Hissəvi Sazişlə (EPAS) bağlı fəaliyyətlər, Ümümdünya Antidoping Agentliyi ilə münasibətlər, Avropa Şurası ilə Avropa Ittifaqı arasında idman sahəsində əməkdaşlıq məsələləri, eyni zamanda 22 sentyabr 2010-cu il tarixdə Bakı şəhərində Avropa Şurası Idmana məsul Nazirlərin 18-ci konfransının yekunları ilə bağlı müzakirələr aparılıb. Avropa Şurasının Baş Katibinin Bakıda keçirilmiş Avropa Şurası İdmana məsul Nazirlərin 18-ci Qeyri-formal Konfransının yekunlarına dair hesabatı təqdim edilib.

Tədbirə xüsusi olaraq dəvət olunmuş Gənclər və İdman naziri Azad Rəhimov öz çıxışında Azərbaycanın Avropa Şurasına üzv olduğu 10 il müddətində gənclər və idman sahəsində əməkdaşlığın uğurla inkişaf etdirildiyini, ölkəmizdə Avropa Şurasının dəyərlərinin idman sahəsində həyata keçirilməsini dəstəkləyən Avropa Idman Xartiyası və digər tövsiyyələrinə əməl edildiyini vurğulayıb. Həmçinin, Azad Rəhimov Azərbaycanın Avropa Şurasının idman sahəsindəki hər iki konvensiyasına qoşulduğunu və onlara əməl olunduğu bildirib.

Səfər zamanı Azərbaycan naziri Avropa Şurası Baş katibinin müavini M.De Bur-Bukkikio, Təhsil, Mədəniyyət və İrs, Gənclər və İdman üzrə Baş direktoru Q.Battiani-Draqoni, Gənclər və İdman üzrə direktoru R.Vayngartner ilə görüşlər keçirib və Avropa Şurası Gənclər Mərkəzi ilə yaxından tanış olub. Eyni zamanda Avropa Şurası ilə ölkəmizin gəncər və idman sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Avropa Şurasının rəsmiləri ölkəmizdə həyata keçirilən gənclər və idman proqramlarında Avropa Şurası dəyərlərinin gözlənilməsi baxımından böyük uğurlar əldə olunmasını qeyd ediblər. Avropa Şurası Baş Katibinin adından Azad Rəhimovun şərəfinə şam yeməyi verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR