Bank Of Baku

AMEA prezidenti Mahmud Kərimov: “Doktoranturada pullu təhsil almaq, pul hesabına elmi dərəcə almaq düzgün deyil”

AMEA prezidenti Mahmud Kərimov: “Doktoranturada pullu təhsil almaq, pul hesabına elmi dərəcə almaq düzgün deyil”
# 22 dekabr 2010 12:53 (UTC +04:00)
Belə qərara gəlmişik ki, Azərbaycan vətəndaşları üçün doktoranturaya qəbul pulsuz həyata keçirilsin, ödənişli olmasın. Çünki doktoranturada pullu təhsil almaq, pullu aspirantura, dissertantura qurtarmaq, pulun hesabına elmi dərəcə almaq düzgün deyil”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov deyib.

O əlavə edib ki, hazırda təhsilin doktorantura pilləsində ödənişli təhsil yalnız xarici ölkə vətəndaşlar üçündür və bundan sonrakı illərdə də belə olacaq: “Biz belə qəbul etmişik. Hesab edirik ki, akademiyanın təhsil müəssisələrində belə olmalıdır. Başqa təhsil ocaqlarında necə olacağını isə deyə bilmərəm”.

M. Kərimovun sözlərinə görə, doktoranturaya qəbul keçiriləcək müəssisə və təşkilatların siyahısı artıq təsdiqlənib. Hazırda qəbul planının hazırlanması istiqamətində iş aparılır: “Akademiyadan başqa digər elmi müəssisələrə, təşkilatlara da məktublar yazıb göndərmişik ki, onlar öz təkliflərini, planlarını versinlər. Bu plan təsdiq olunduqdan sonra elan veriləcək. Yalnız bundan sonra qəbulu başlamaq olar. Çalışacağıq ki, gələn ilin yazına qədər məsələ həll olunsun və yazda birinci qəbulu həyata keçirə bilək”.

M. Kərimov doktoranturaya qəbulun il ərzində iki dəfə aparılmasını məqsədəuyğun sayıb: “Əvvəllər ildə üç dəfə qəbul keçirilirdi. Amma indi icazə versəydilər, biz ildə iki dəfə doktoranturaya qəbul üçün elan verə və qəbul keçirə bilərdik. Gələn il qəbulun neçə keçiriləcəyini hələ demək olmaz. Bu məsələni gərək razılaşdıraq”.

AMEA prezidenti doktoranturaya qəbulun gecikdirilməsinin elmə mənfi təsir göstərəcəyini də söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR