Bank Of Baku

Dindarların hücumuna məruz qalan məktəbin direktor müavini hadisənin təfərrüatlarını açıqlayıb

Dindarların hücumuna məruz qalan məktəbin direktor müavini hadisənin təfərrüatlarını açıqlayıb
# 24 dekabr 2010 15:10 (UTC +04:00)
Bakı. Hafiz Heydərov, Pərvin Abbasov - APA. “Hicablı şagirdlərin məktəbə buraxılmaması ilə bağlı Azərbaycan Təhsil Nazirliyinin müvafiq əmri var və biz bu əmri icra edirik”. Bu sözləri APA-ya açıqlamasında Binəqədi rayonu, 103 saylı Xocasən kənd orta məktəbinin direktor müavini Vaqif Quluzadə deyib. O, əmrə uyğun olaraq orta məktəb şagirdlərinin dərsə məktəbli formasında buraxıldığını qeyd edib: “Bu gün məktəbimizdə iyirmiyə yaxın şagird dərsə hicabla gəlir. Biz dəfələrlə həmin şagirdlərin valideynlərinə başa salmışıq ki, uşaqlarını məktəbə məktəbli formasında göndərsinlər. Lakin bu günədək valideynlər bizim tələbimizə məhəl qoymayıblar. Məktəb rəhbərliyi də məcburiyyət qarşısında hicablı şagirdləri dərsə buraxmamağa qərar verib”.

V. Quluzadənin bildirdiyinə görə, həmin qərardan sonra bir qrup dindar məktəbin qarşısına toplaşaraq bu qərara etiraz bildirib: “Onlar tələb edirdilər ki, övladları məktəbə hicabda gəlməlidir. Bəziləri bizə hədə-qorxu gələrək, təhqiramiz ifadələr də səsləndirdilər. Biz onlara qəti bildirdik ki, bu barədə Təhsil Nazirliyinin müvafiq əmri var və bu əmrə əməl olunmalıdır”. V. Quluzadə həmin hadisənin səhəri günü, yəni dekabrın 23-ü məktəbin şüşələrinin sındırıldığını qeyd edib: “Səhər dərsə gələndə mənə dedilər ki, məktəbin şüşəsi sındırılıb, müəllimlər otağının qapısına isə məktub qoyulub. Anonim məktubda hicablı şagirdlərin dərsə buraxılması tələb edilirdi. Əks halda isə məktəbin yandırılacağı qeyd olunmuşdu”. Bu barədə dərhal Binəqədi rayon hüquq-mühafizə orqanlarına məlumat verildiyini vurğulayan V. Quluzadə baş vermiş hadisənin polis tərəfindən araşdırıldığını bildirib.

Xocasən qəsəbəsinin axundu Hacı Telman Əsədullayev isə APA-ya açıqlamasında dindarların orta məktəbə hücum etməsi barədə yayılan məlumatların həqiqətə uyğun olmadığın bildirib. “Biz məktəbə hücum etməmişik. Şüşələri də biz qırmamışıq”.

Axund şagirdlərə hicaba qadağa qoyulmasına etiraz etdiyini bildirib: “Buna görə də biz etiraz edirik. Hicab bağlayan övladlarımız təhsildən kənarda qalmamalıdır. Biz bununla bağlı dəfələrlə məktəb rəhbərliyi ilə danışıq aparmışıq. Lakin nəticəsi olmayıb”.

T. Əsədullayev bildirib ki, hicablı şagirdlər dərsə buraxılmasa, onlar övladlarını məktəbdən çıxaracaqlar: “Mənim qızım da bu məktəbdə oxuyur. Onun altı yaşı var və bu yaşda o hicab bağlamır. Şəriət buna imkan verir ki, uşaqlar doqquz yaşa çatandan sonra hicab taxa bilərlər. Qızımın doqquz yaşı tamam olanda o da hicab bağlayacaq. O zaman qızımı məktəbə buraxmasalar, bu problem müsbət həllini tapmasa, övladımı məktəbdən ayırmaq məcburiyyətində qalacam. Kəndin bütün dindarları bu fikirdədir”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) də baş verənlərə münasibət açıqlayıb. Komitədən APA-nın sorğusuna cavab olaraq bildirib ki, orta məktəblərdə vahid məktəbli formasının tətbiqinə etiraz edən və bunu hicabın qadağan olunması kimi qələmə verənlər səmimilikdən çox uzaq adamlardırlar: “Onlar qəbul etməlidirlər ki, bu məsələ qanunla tənzimlənir və qanunun tələbinə hər kəs əməl etməlidir.

DQİDK-dən aksiyaların keçirilməsi ilə bağlı isə bildirilib ki, bütün qanunsuz əməllər kimi, qanunsuz aksiyaların da qarşısı alınmalıdır: “Bu, din yox, hüquq məsələsidir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi qeyd edilən istiqamətdə üzərinə düşən vəzifəni yerinə yetirir və çalışır ki, maarifləndirmə tədbirləri bütün dini icmaları əhatə etsin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR