Bank Of Baku

Azərbaycanda “quş qripi” xəstəliyi ilə əlaqədar keçirilən monitorinqin nəticələri açıqlanıb

Azərbaycanda “quş qripi” xəstəliyi ilə əlaqədar keçirilən monitorinqin nəticələri açıqlanıb
# 21 yanvar 2011 10:41 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) ölkə ərazisində “quş qripi” xəstəliyi ilə əlaqədar keçirdiyi son monitorinqin nəticələrini açıqlayıb. DBX-dan APA-ya verilən məlumata görə, yanvarın 10-dan başlanmış ilin ilk monitorinqi zamanı seçmə üsulla ovlanaraq götürülən 23 baş çöl quşunun patoloji materialı, ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 1368 baş ev quşunun qan nümunələri, eləcə də 23 baş ev quşunun patoloji materialı Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib.

Müayinələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi müəyyən edilməyib.
Bu nəzarəti tədbir köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib. Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf olunmayıb. DBX monitorinqi Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də “Ovçular və balıqçılar” Cəmiyyətinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılıb.

Quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin yanvarın 31-də başlanması nəzərdə tutulur. DBX əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları mütləq qapalı şəraitdə saxlanılmalıdır. Hazırda “quş qripi” xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR