Bank Of Baku

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri: “Ötən il QHT sektoru üçün uğurlu olub”

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri: “Ötən il QHT sektoru üçün uğurlu olub”
# 26 yanvar 2011 09:09 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında 2010-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, şura sədri Azay Quliyev deyib ki, qurumun ötən ilki fəaliyyəti məhsuldar olub: “Ötən il QHT sektoru üçün də uğurlu olub”.
Şuranın fəaliyyəti və qarşılaşdığı çətinliklər barədə məlumat verən A. Quliyev qeyd edib ki, ötən il rekord sayda layihələrə dəstək verilib. Şura tərəfindən 352 layihəyə 2 milyon 102 min manat vəsait xərclənib: “Maliyə ili ərzində şuraya 840 təşkilat müraciət edib. Ümumilikdə 8 istiqamət üzrə maliyyələşdirmə aparılıb. Layihələrdə çalışaraq əməkhaqqı alanların sayı 1100 nəfər, faydalananların sayı isə 213 min 552 nəfər, nəşrlərin sayı 141, çəkilmiş filmlərin sayı 11, internet saytların isə sayı 12 olub. Layihələrin icra prosesində QHT-lər tərəfindən 74 təlim keçirilib, 32 maarifləndirmə tədbiri reallaşdırılıb, 11 araşdırma aparılıb, 52 kütləvi aksiya, 46 seminar-müzakirə həyata keçirilib”.

A. Quliyev ötən il ərzində şura tərəfindən bir sıra beynəlxalq və ölkə səviyyəli tədbirlər keçirildiyini də qeyd edib. O, həmçinin bildirib ki, QHT-lərin rekvizitləri və fəaliyyət istiqamətləri haqqında ictimaiyyətə məlumat verilməsi üçün “Azərbaycan QHT-ləri” sorğu-məlumat kitabı şura tərəfindən çap olunub.
Şura sədri ötən il bir neçə şirkətlə layihələrin maliyyələşdirilməsi sahəsində əməkdaşlıq edildiyini və 2011-ci ildə bu istiqamət üzrə ardıcıl işlərin görüləcəyini deyib.
Sonra şuranın icraçı direktoru Fərasət Qurbanov şuranın fəaliyyəti ilə bağlı hesabat çıxışı edib.

Sonda isə 5 QHT layihə çərçivəsində fəaliyyətlərinə görə, şura tərəfindən mükafatlandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR