Bank Of Baku

Azərbaycanda fərdi məlumatların toplanması fəaliyyəti lisenziyalaşdırılacaq

Azərbaycanda fərdi məlumatların toplanması fəaliyyəti lisenziyalaşdırılacaq
# 28 yanvar 2011 10:37 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. “İnsanlar haqqında fərdi məlumatların toplanılması ilə məşğul olan özəl tibb, turizm şirkəti, ictimai qurum, qeyri-hökumət təşkilatının bu fəaliyyəti mütləq lisenziyalaşdırılmadır. Artıq bu istiqamətdə Rabitə və İnformasiya Texnologiya Nazirliyi lazımi iş aparır”. APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev deyib. O bildirib ki, Azərbaycanda bazar iqtisadiyyatı inkişaf edir, insanlar üçün yaxşı biznes mühiti yaradılıb: “Bu isə o deməkdir ki, yerli vətəndaşlar, ölkəyə gələnlər, gedənlər haqqında məlumatlar biznes qurumlarında cəmləşir. Məsələn, turist kimi gəlirsənsə, məlumatlar turist şirkətində toplanır. Özəl klinikalar da kifayət qədərdir. Sən onlara bütün məlumatları etibar edib deyirsən. Haradan biləsən ki, sənin etibar etdiyin məlumatlar sabah harada olacaq və sənin əleyhinə istifadə edilməyəcək?”

R. Əliquliyevin fikrincə, bu kimi məsələlərin həlli üçün prosesin dövlət tərəfindən tənzimlənməsi vacibdir: “Fərdi məlumatlarla bağlı informasiya sistemlərinin lisenziyalaşdırılması, həm də bu proseslərin sertifikatlaşdırılması, standartlaşdırılması kimi məsələləri dövlət tənzimləməlidir. Artıq Azərbaycanda bu proses başlayıb. Müəyyən sənədləri Nazirlər Kabineti təsdiqləyib”.

İnstitut direktoru hesab edir ki, fərdi məlumatları toplayan şirkətlərlə bir sıra məsələləri də aydınlaşdırmaq lazımdır. İlk növbədə məlumatların toplanıldığı sistemin tələblərə cavab verir-vermədiyi, serverin gücünün çatıb-çatmadığı, informasiya təhlükəsizliyi tələblərinə əməl edilib-edilmədiyi, sistemin yaradılması üçün hansı texnologiyalardan istifadə edildiyinə, sistemlə işləyən insanların psixoloji durumunun hansı vəziyyətdə olmasına aydınlıq gətirilməlidir. R. Əliquliyevin sözlərinə görə, həmin sistemlə işləyən şəxs fərdi məlumatlara çıxış əldə edərək onları yaya bilər: “Dövlət də bilməlidir ki, insanlarla bağlı məlumatlar hansı sistemədir, bu məlumatlara kim sahiblik edir, şirkət fəaliyyət göstərirmi? Şirkət fəaliyyətini dayandırdığı təqdirdə topladığı bütün məlumatları dövlətə təqdim etməlidir. Çünki bu məlumatlarla ehtiyatla davranmaq lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR