Bank Of Baku

Səhiyyə Nazirliyində geniş kollegiya iclası keçirilib

Səhiyyə Nazirliyində geniş kollegiya iclası keçirilib
# 02 fevral 2011 21:10 (UTC +04:00)
Bakı-APA. Fevralın 2-də Səhiyyə Nazirliyində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məsələlərinə həsr olunmuş geniş kollegiya iclası keçirilib. APA-nın məlumatına görə, tibb müəssisələrinin baş həkimlərinin və elmi-tədqiqat institutları direktorlarının iştirak etdikləri iclasda səhiyyə naziri Oqtay Şirəliyev səhiyyə və tibb elmi sahəsində son illər ərzində görülən işlər, aparılan islahatlar haqqında məlumat verib.

Məlumatda bir sıra tibb müəssisələrinin əsaslı təmir, yaxud yeni tikilib istifadəyə verildiyi, onların maddi-texniki bazasının gücləndirildiyi, müasir tibbi avadanlıq, eləcə də dərman və qida ilə təchiz olunduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, hazırda əhaliyə verilən dərman preparatlarının siyahısının genişləndirilməsi nəzərdə tutulur.

Səhiyyə sistemində qan xidmətinin təkmilləşdirilməsi və bu sahədə görülən işlər haqqında danışan nazir bildirib ki, bu gün qan problemi də həll olunur. Hazırda mərkəzləşdirilmiş qaydada stasionar tibb müəssisələri lazım olan qan və qan komponentləri ilə tam təmin olunur və bu proses sadələşdirilmiş qaydada həyata keçirilir.

Bildirilib ki, görülən işlərin nəticəsində stasionarlarda çarpayılardan istifadə də yaxşılaşdırılıb. Əvvəlki illərlə müqayisədə il ərzində çarpayı 80-85 gün işləyirdisə, 2010-cu ildə həmin göstərici 203-ə çatıb ki, bu, çox böyük irəliləyişdir. Ötən il stasionarlara respublika üzrə 560 minədək xəstə müraciət edib.

O.Şirəliyev kadr potensialının yaxşılaşdırılması istiqamətində sertifikatlaşdırma prosesini xüsusi vurğulayaraq, artıq bu sahədə uğurlu nəticələrin əldə olunduğunu qeyd edib.
Əldə olunan uğurlarla yanaşı, problemlərdən də danışan nazir, xəstələrlə davranış qaydalarına xüsusi diqqət və qayğı göstərilməsinin, şikayətlərin aradan qaldırılması üçün bütün lazımı tədbirlərin vaxtında görülməsinin, xəstələrin müalicə işinin protokollara əsasən aparılmasının zəruriliyini önə çəkib. Nazir, həmçinin xəstəxanalarda sanitariya-epidemioloji rejimə nəzarətin gücləndirilməsi, səliqə-sahmana, təmizliyə və nizam-intizam qaydalarına riayət olunmasının vacibliyini vurğulayıb.

Son vaxtlar şikayətlərin əsasını əvvəllər olduğu kimi, müalicə və müayinə işləri deyil, həkimlik peşəsinə xələl gətirə biləcək diqqətsizlik, qayğısızlıq, bəzi hallarda hətta səhlənkarlıq məsələləri təşkil edir.

Belə hallara qarşı barışmaz mübarizə aparılmasının vurğulandığı iclasda nazirliyin struktur bölmələrinin rəhbərlərinə xəstəxanaların fəaliyyətinin ciddi nəzarətdə saxlanılması, mütəmadi reydlərin aparılması, aşkar edilmiş nöqsanların qısa müddətdə aradan qaldırılması üçün konkret tədbirlərin görülməsi tapşırılıb.

Nazir çıxışının sonunda vurğulamışdır ki, sadalanan nöqsanların aradan qaldırılması üçün təkcə tibb müəssisəsinin rəhbərliyi deyil, vəzifəsindən asılı olmayaraq, hər bir kəs səy göstərməli, əlindən gələni əsirgəməməlidir. Yalnız bu zaman istənilən nəticələri əldə etmək mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR