Bank Of Baku

Azərbaycanda Demoqrafiya və Sağlamlıq Sorğusu üzrə sahə işlərinə başlanılıb

Azərbaycanda Demoqrafiya və Sağlamlıq Sorğusu üzrə sahə işlərinə başlanılıb
# 02 avqust 2011 08:05 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycanda Demoqrafiya və Sağlamlıq Sorğusu üzrə sahə işlərinə başlanılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səyyar sorğu işlərinin oktyabr ayına kimi aparılması nəzərdə tutulub. Məlumatda bildirilib ki, sorğunun nəticələri səhiyyədə, təhsildə və demoqrafik siyasətdə rast gəlinən problemlərin həlli üçün əhəmiyyətlidir.
Tədqiqat çərçivəsində seçilmiş ev təsərrüfatlarının xarakteristikası, sosial-iqtisadi göstəricilər, antropometrik göstəricilər, təhsil səviyyəsi və sairə ilə bağlı məlumatlar toplanılacaq. Eyni zamanda körpə və 5 yaşadək uşaq ölümü, uşaqların sağlamlığı, ana sağlamlığı, gender münasibətləri və qadınların ailədə səlahiyyətləri mövzuları araşdırılacaq. Fertillik, arzu olunan uşaqların sayı, ailə vəziyyəti, ailə planlaşdırılması, qidalanma, yetkinlik yaşına çatanların sağlamlığı, QİÇS, cinsi yolla keçən xəstəliklərlə (bilik, münasibət və davranış) bağlı suallar da veriləcək.
Demoqrafiya və Sağlamlıq Sorğusu Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Quba-Xaçmaz, Aran, Lənkəran, Yuxarı Qarabağ və Dağlıq Şirvan iqtisadi regionlarını əhatə edir. Seçimə 2009-cu ildə Azərbaycanda aparılmış əhalinin siyahıyaalınması əsasında Dövlət Statistika Komitəsi tərəfindən həyata keçirilib. Sorğu üçün 9 iqtisadi rayon üzrə 321 klaster, onların hər birində isə təsadüfi üsulla 24 ev təsərrüfatı seçilib. Sorğu alətlərinə Ev təsərrüfatının Sorğu Vərəqəsi və 15-49 yaşlı Qadınların Sorğu Vərəqəsi daxildir.
Qeyd edək ki, sorğu “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Sorğunun keçirilməsi məqsədilə tədbirlərin əlaqələndirilməsi və icrası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə həvalə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR