Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurası 48 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul edib

QHT-lərə Dövlət Dəstəyi Şurası 48 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul edib
# 07 sentyabr 2011 16:20 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. APA-nın məlumatına görə, Şuranın sədr müavini Tahir Süleymanovun sədrliyi ilə keçirilən iclasda Şuranın 01 iyul 2011-ci ildə QHT layihələrinin maliyyələşdirilməsi üçün elan etdiyi növbəti maliyyə yardımı müsabiqəsinə yekun vurulub.

Müsabiqəyə ümumilikdə 147 QHT-dən layihə təklifi daxil olub. Onlardan 27-nin texniki sənədləşməsi Şuranın tələblərinə cavab vermədiyi üçün ilkin seleksiya mərhələsində müsabiqədən uzaqlaşdırılıb, 120 layihə təklifi ekspertizaya göndərilib.

Şura ekspert rəylərini və QHT-lərin əvvəlki illərdə həyata keçirdiyi layihələrin icra vəziyyəti haqqında Katibliyin hazırladığı arayışları nəzərə alaraq, 48 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul edib.

Müsabiqə qaliblərinin siyahısı Şuranın qhtxeber.az saytında yerləşdirilib. Müsabiqə qalibləri 26 sentyabr 2011-ci ildən gec olmayaraq Şura Katibliyi ilə müqavilə imzalamalıdırlar. Apelyasiya ərizələri Şuranın Katibliyində 14 sentyabr 2011-ci il saat 15.00-dək qəbul edilir.

Şuranın iclasında, həmçinin, Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi ilə əlaqədar nəşri nəzərdə tutulan “Azərbaycan QHT sektoru dövlət müstəqilliyinin 20 ilində” kitabının hazırlıq vəziyyəti müzakirə edilib və müvafiq qərar qəbul olunub.

İclasda Mədəniyyət və Turizm Nazirliyinin təqdim etdiyi “2012-2016-cı illərdə Azərbaycan qeyri-maddi irsinin qorunmasına dair Dövlət Proqramı”nda Şuraya aid olan məsələlər də müzakirə edilərək, Katibliyə müvafiq göstərişlər verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR