Bank Of Baku

Sentyabrın 24-də Azərbaycanda ilk dəfə olaraq rezidenturaya qəbul imtahanı keçiriləcək

Sentyabrın 24-də Azərbaycanda ilk dəfə olaraq rezidenturaya qəbul imtahanı keçiriləcək
# 23 sentyabr 2011 14:52 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sabah 2011-2012-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanı keçirəcək. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, imtahanda iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə sentyabrın 12-dən 20-dək aparılıb və 1063 nəfər ərizə təqdim edib. Onlardan 763 nəfəri qız, 300 nəfəri isə oğlandır.

İmtahan yalnız Bakı şəhərində 2 binada - Azərbaycan Tibb Universitetinin I və V tədris binalarında saat 11:00-da başlanacaq. Qəbul imtahanları test üsulu ilə iki mərhələdə keçiriləcək. Sabah keçiriləcək birinci mərhələdə namizədin baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, sentyabrın 25-də isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.

Namizədlər imtahanda iştirak etmək üçün "Namizədin imtahana buraxılış vərəqəsi"ni, şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

Namizədlərə baza və ixtisas fənlərinin hər birindən ayrılıqda 100 test tapşırığı təqdim olunacaq. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir.

İmtahan suallarının cavablandırılmasına hər bir mərhələ üzrə 2 saat 30 dəqiqə vaxt ayrılacaq. Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılacaq. Müsabiqədə iştirak etmək üçün namizədin baza fənləri üzrə imtahanda topladığı test balı 30-dan, ixtisas fənləri üzrə imtahanda topladığı test balı isə 40-dan az olmamalıdır.

Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi qəbul imtahanının nəticələri elan olunduqdan sonra aparılacaq. Namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisas seçimini təsdiq etməlidirlər.

Qeyd edək ki, rezidenturada qəbul aparılacaq plan yerlərinin sayı 300-dür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR