Bank Of Baku

BDU ziyalılara müraciəti imzalamaları barədə Cəlal Allahverdiyev və Qulu Məhərrəmlinin bəyanatları ilə bağlı açıqlama yayıb - FOTO

BDU ziyalılara müraciəti imzalamaları barədə Cəlal Allahverdiyev və Qulu Məhərrəmlinin bəyanatları ilə bağlı açıqlama yayıb - <font color=red>FOTO</font>
# 16 noyabr 2011 14:06 (UTC +04:00)
APA-nın məlumatına görə, BDU-nun Mətbuat və informasiya şöbəsinin yaydığı açıqlamada deyilir: “Məlum olduğu kimi, Bakı Dövlət Universiteti ziyalılarının 15 noyabr 2011-ci il tarixli «Azərbaycan» qəzetində Respublika ziyalılarına müraciəti çap olunub. Həmin müraciətdə «Ziyalılar Forumunun» mövqeyinin haqsız və ədalətsiz olduğu bildirilir. Onun xalqımızın, dövlətimizin əleyhinə olan qüvvələrin əlində vasitəyə çevrilməsinin yolverilməz olduğu vurğulanır. Həmin müraciətə imza atmış 245 nəfərdən 2-si - akademik Cəlal Allahverdiyev və professor Qulu Məhərrəmli kütləvi informasiya vasitələrinə bu barədə çaşqınlıq yaradan bəyanatlar verirlər. Həmin bəyanatlarla əlaqədar müraciətdə imzası olan onlarla ziyalı BDU-nun rəhbərliyinə müraciət edib, onların bu hərəkətinə qarşı öz etiraz və iradlarını bildirib. Onlar ilk növbədə Azərbaycan Dövlət Neft Akademiyasının bir kafedra müdirinin işdən xaric olunması ilə bağlı yaranmış səs-küyə münasibət bildiriblər. Ziyalılarımızı maraqlandırır ki, son aylar ərzində respublikada gedən islahatlarla əlaqədar müxtəlif instansiyalarda aparılan kadr dəyişiklikləri, o cümlədən təhsil nazirinin 3 müavininin, BDU-da 5 prorektorun, 8 dekanın, bir neçə kafedra müdirinin tutduqları vəzifədən azad olunmaları nə üçün «Ziyalılar Forumu»nun diqqətini çəkməyib? Bu adamların əksəriyyətinin YAP, bəziləri YAP Siyasi Şurasının üzvü olmasına, bir qisminin alim kimi Rafiq Əliyevdən heç də geri qalmamasına baxmayaraq, vəzifələrindən kənarlaşdırılmaları cəmiyyətdə normal hal kimi qarşılanıb.

BDU-nun ziyalılarını narahat edir ki, həmin müraciətə imza atan 245 nəfərdən nə üçün məhz bu iki nəfəri belə səs-küy yaratmaq istəyir? Axı onlar da bizimlə birgə həmin bəyanata bir ziyalı kimi imza atıblar. İndi onları hansı qüvvə məcbur edir ki, fikirlərindən dönsünlər? Nə üçün onlar «düşmən dəyirmanına su tökmək» istəyirlər? Hansı səbəbdən onlar ziyalıya yaraşmayan hərəkət edərək sözlərini danırlar? Kiminsə göstərişi ilə onlar süni qarışıqlıq yaratmaq istədiklərini bilirlərmi? Bir gün keçməmiş öz imzasını danan belə ziyalılara nə ad vermək olar? Bəlkə də düşünülmüş şəkildə imzalarını danmaqla onlar qarışıqlıq yaratmağa cəhd edirlər.

Bütün bunları nəzərə alaraq, hər iki alimin mətnin altındakı imzalarını və aşağıdakı açıqlamaları ictimaiyyətə çatdırmaq qərarına gəldik:

Hər iki alim müraciəti oxuyub razılaşdıqdan sonra heç bir əlavə şərh vermədən imza atıblar.
Akademik Cəlal Allahverdiyevin verdiyi bəyanat, bildirdiyi fikirlər absurd və məntiqsizdir. Onun səsləndirdiyi iradlar həqiqəti əks etdirmir. O, sadəcə müraciətə imza atıb, əlavə heç bir yazılı və şifahi qeyd etməyib.

Professor Qulu Məhərrəmli də mətni diqqətlə oxuyub və ona heç bir irad bildirmədən qol çəkib, onun imzaladığı müraciət də heç bir dəyişiklik olmadan mətbuatda dərc olunub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR