Bank Of Baku

Bakıda “İş yerlərində ayrı-seçkiliyin qarşısının alınmasında həmkarlar ittifaqlarının rolu” mövzusunda konfrans keçirib

Bakıda “İş yerlərində ayrı-seçkiliyin qarşısının alınmasında həmkarlar ittifaqlarının rolu” mövzusunda konfrans keçirib
# 23 noyabr 2011 09:13 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA-Economics. Azərbaycan Həmkar İttifaqları Konfederasiyası (AHİK) “İş yerlərində ayrı-seçkiliyin qarşısının alınmasında həmkarlar ittifaqlarının rolu” mövzusunda konfrans keçirib.

APA-Economics”in məlumatına görə, konfransda çıxış edən AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev deyib ki, gender bərabərliyi problemi beynəlxalq səviyyədə həmişə üstün fəaliyyət istiqamətlərindən biri olub.

Hazırda qadınların əmək bazarında iştirak səviyyəsi kişilərlə müqayisədə aşağı olsa da, artmaqdadır. Beynəlxalq qanunvericilik və tədbirlər haqqında danışan S.Mehbalıyev bildirib ki, AHİK beynəlxalq təcrübəyə əsaslanaraq, bu sahədə üzərinə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışır: “Həmkarlar ittifaqları kollektiv danışıqlar zamanı bu və ya digər vasitələrlə bərabərliyə nail olmağı qarşısına məqsəd qoyub. Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə bu ilin iyul-avqust aylarında konfederasiya respublikanın Gəncə, Lənkəran, Quba və Mingəçevir şəhərlərində “İş yerlərində qadınların diskriminasiya hallarına qarşı mübarizə” mövzusunda regional seminarlar keçirib”. S.Mehbalıyev təmsil etdiyi qurumun qadınların hüquqlarının qorunması istiqamətində atdığı addımlara da diqqəti yönəldib.

Beynəlxalq Əmək Təşkilatının (BƏT) baş mütəxəssisi Sergius Qlovaskas isə mövzunun əhəmiyyətini vurğulayaraq, bu kimi tədbirlərin maarifləndirici olduğunu deyib. AHİK-in beynəlxalq əlaqələrini müsbət qiymətləndirən BƏT nümayəndəsi Azərbaycan dövlətinin təmsil etdiyi qurumla əlaqələrinin sıx inkişaf etdiyini də qeyd edib: “Azərbaycan hökumətinin qadınlara qarşı diskriminasiya ilə mübarizəsini müsbət qiymətləndiririk. Lakin problemlərin olduğunu da danmaq olmaz, bu problemlərin aradan qaldırılması üçün isə işlər görülməlidir”.

S.Qlovaskas AHİK-lə birgə layihələri davam etdirəcəklərini də deyib.

Sonra konfrans sessiyalarla davam etdirilib. Sessiyalarda iş yerlərində ayrı-seçkiliklə bağlı AHİK-in araşdırmaları təqdim olunub, BƏT-in beynəlxalq əmək standartlarının baş mütəxəssisi Alan Pelsin, o cümlədən Dövlət Əmək Müfəttişliyinin, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının və AHİK nümayəndələrinin çıxışları olub. Sonda həmkarlar ittifaqlarının fəaliyyət planı hazırlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR