Bank Of Baku

Azərbaycanda qadınların diskriminasiyası və iş yerlərində qarşılaşdıqları problemlərə dair araşdırmanın nəticələri açıqlanıb

Azərbaycanda qadınların diskriminasiyası və iş yerlərində qarşılaşdıqları problemlərə dair araşdırmanın nəticələri açıqlanıb
# 23 noyabr 2011 13:05 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ölkədə qadınların diskriminasiyası və iş yerlərində qarşılaşdıqları problemlərə dair araşdırmanın nəticələrini açıqlayıb.

AHİK-dən APA-ya verilən məlumata görə, araşdırma 2011-ci ili əhatə edib. Araşdırma subyektinin 9,3%-i 18-22 yaş, 43,7%-i 25-49 yaş, 46,9%-i isə 50-dən yuxarı olan qadınlardır. Araşdırma zamanı mövcud qanunvericilik əsas götürülərək, əmək bazarında gender diskriminasiyası, mövcud stereotiplər, demoqrafik durumun gender təhlili, qadın və təhsil, ölkə iqtisadiyyatında qadınlar, məşğulluq və işsizlik, işsizliyin gender problemləri, qadın sahibkarlığı, perspektivlər və maneələr, əmək haqqının ödənilməsində gender müxtəlifliyi, işə qəbul zamanı ayrı-seçkilik, o cümlədən AHİK-in gender siyasəti ilə bağlı məsələlər diqqət mərkəzində olub. Araşdırma zamanı bəlli olub ki, qadınların əmək bazarındakı vəziyyətinə işə götürən tərəfindən ayrı-seçkilik təsir göstərir: “Qadınların işə qəbul olunması, müəyyən peşə və vəzifələrə keçmə zamanı, işçiyə əmək haqqının ödənilməsində, peşəkar karyera və vəzifə artımında, təhsil alma və peşə hazırlığında diskriminasiya halları ilə qarşılaşırlar. İşə götürən qadını daha az faydası olan işçi qüvvəsi kimi qəbul edir”.

Araşdırma zamanı o da müəyyənləşib ki, 1990-cı illərin əvvəlindən başlayaraq, 2002-ci ilədək ölkədə qız uşaqlarının doğulması səviyyəsinin aşağı düşməsi müşahidə olunub. Lakin son illərdə bu vəziyyət dəyişərək, artım qeydə alınıb. Hazırda əhalinin ümumi sayında qadın və kişilərin payı 51-49% nisbətindədir.

Təhlilə görə, Azərbaycanda hər 100 təhsil alana, 48 qadın düşür. 2010-2011-ci tədris ilində dövlət ali məktəblərində oxuyan bütün tələbələrin 81,4%-ni, səhiyyədə 63,2%-ni, təbiət elmləri sahəsində 66,2%-ni, mədəniyyət və incəsənət sahəsində 51,9 %-ni, humanitar və sosial ixtisaslarda isə 56%-ni qadınlar təşkil edir. Müəllimlik peşəsi isə həmişə qadınların ənənəvi peşələrindən biri olub və qalmaqda davam edir. Azərbaycanda qadınların 50,4 faizi iqtisadi cəhətdən fəal zümrədir. Yüksək məşğulluq səviyyəsi isə 20-54 yaşda, kişilərdə isə 25-54 yaşlarda müşahidə olunur.

Araşdırmada işsizliyin gender problemlərinə də toxunulub. Statistik göstəricilərə görə, işsizlik statusu alanların 43,6%-i qadınlardır. İşə qəbul zamanı isə daha çox 30 yaşa kimi olan qadınlar ayrı-seçkiliyə məruz qalırlar. Ən çox körpə uşağı olan 30 yaşlı qadınlar risk qrupuna daxildir. Bir çox işə qəbul anketlərində qanunla qadağan olmasına baxmayaraq, “evli-subay” və ya uşağın olub-olmaması kimi bəndlər mövcuddur. Hətta bəzi iş yerlərində işə qəbul zamanı “müəyyən zaman müddətində hamilə olmaq qadağandır” kimi diskriminasiya xarakterli tələblər irəli sürülür.

İş yerlərində seksual təzyiqə məruz qalma halları da baş verir ki, bu cür qadınlar çox zaman iş yerlərini itirməkdən, kollektivdə özləri haqda mənfi rəy formalaşdırmaqdan, karyera həyatlarını korlamaqdan qorxduqları üçün hüquq-mühafizə orqanına şikayət etmirlər, ona görə də bu məsələni aşkarlamaq və müəyyən etmək mümkünsüzdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR