Bank Of Baku

“Quş qripi” ilə əlaqədar keçirilən monitorinqin nəticələri açıqlanıb

“Quş qripi” ilə əlaqədar keçirilən monitorinqin nəticələri açıqlanıb
# 24 noyabr 2011 11:42 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) “quş qripi” xəstəliyinə görə ölkə ərazisində apardığı monitorinqin nəticələrini açıqlayıb. DBX-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 19 baş çöl quşunun patoloji materialı, ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 1327 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib. Nümunələrin heç birində “quş qripi” törədicisi müəyyən edilməyib.

Nəzarəti tədbir köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib. Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf olunmayıb.

Monitorinq DBX-in, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də «Ovçular və Balıqçılar» Cəmiyyətinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılıb.

Xidmət əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları mütləq qapalı şəraitdə saxlanılmalıdır. Heyvan və quşlarda özbaşına müalicə, peyvəndləmə və digər tədbirləri aparmağa yol verilməməlidir. Bildirilir ki, bütün növ quşların ovlanması, qanunla müəyyən edilməyən yerlərdə və ticarət obyektlərində quşların diri formada, eləcə də quş əti və məhsullarının satışı qadağandır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR