Bank Of Baku

Azərbaycan prezidenti AMEA-nın Mərkəzi Elmi Kitabxanasının təməlqoyma mərasimində iştirak edib

Azərbaycan prezidenti AMEA-nın Mərkəzi Elmi Kitabxanasının təməlqoyma mərasimində iştirak edib
# 28 noyabr 2011 11:39 (UTC +04:00)
Dövlət başçısı kitabxananın eskiz layihəsi ilə tanış olub. AMEA prezidenti Mahmud Kərimov və layihənin icraçısı “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin sədri Ağalar Vəliyev məlumat veriblər ki, kitabxana üçün 0,9 hektar torpaq sahəsi ayrılıb. Binanın ümumi tikinti sahəsi isə 24 min 180 kvadratmetrdir.

Bildirilib ki, kitabxanada yaradılacaq qapalı və xüsusi şəraitli fondlar 3 milyon 500 min nüsxə ədəbiyyatın saxlanılması üçün nəzərdə tutulub. Fondlar xüsusi havalandırma sistemləri ilə təchiz olunacaq. Açıq kitab fondları isə mərtəbələr üzrə mövzulara uyğun yerləşdiriləcək və burada ümumilikdə bir milyonadək nüsxənin saxlanılması mümkün olacaq. Kitabxananın oxu zalları eyni vaxtda 700-dək oxucuya xidmət göstərəcək.

Abunə xidməti eyni vaxtda 80 oxucuya hesablanıb. Birinci mərtəbədə muzey, gözləmə zalları və kafeteriya olacaq. Kitabxanada xüsusi bərpa, cildləmə və surətçıxarma emalatxanaları da fəaliyyət göstərəcək. Burada elektron axtarış, ekspress abunə və sifarişlər, fotolaboratoriya, minimətbəə, kitab və sənədlərin çeşidlənməsi və dəstləşdirilməsi otaqları, kartoteka, arxiv yerləşəcək. Kitabxananın ikinci mərtəbəsində isə kitab satışı mərkəzi, üç oxu zalı, server və istirahət otaqları nəzərdə tutulub Digər mərtəbələrdə də konfrans, dissertasiya, elektron nəşrlər və oxu zalları istifadəçilərin ixtiyarına veriləcək.

Dövlət başçısına məlumat verildi ki, kitabxanada, həmçinin elmi-texniki sənədlər, elektron daşıyıcılar, mübadilə, çertyojlar, xəritələr, film və mikrofilm fondları da yaradılacaq. Bundan əlavə, kitabxanada beynəlxalq mübadilə, dəstləşdirmə, elmi-informasiya, elmi-biblioqrafiya, kitabxanaçılıq və informasiya, yüksək informasiya və kommunikasiya şöbələri fəaliyyət göstərəcək. Şöbələrin nəzdində isə dəqiq, humanitar və ictimai elmlər, siyasi, biblioqrafiya, akademiklər, neft kimyası, azərbaycanşünaslıq mərkəzi, elektron kataloq tərtibatı, nadir və qiymətli nəşrlər, incəsənət, xəritə və çertyojlar, təbiət və texniki elmlər, ictimai və humanitar bölmələri, həmçinin linqvistik mərkəz yaradılacaq. Binada 10 müasir lift, birinci və ikinci mərtəbələrin arasında isə eskalator quraşdırılacaq.

Kitabxananın 2013-cü ildə istifadəyə verilməsi nəzərdə tutulur.

Prezident metal gilizi bünövrəyə buraxıb, beton qarışığı tökən qurğunu işə salıb.

Dövlət başçısı mərkəzin tikintisinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR