Bank Of Baku

“Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun komentariyasının təqdimatı keçirilib

“Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun komentariyasının təqdimatı keçirilib
# 09 dekabr 2011 08:14 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun komentariyasının təqdimatı keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri Əli Hüseynli bildirib ki, qanunun komentariyası hüquqşünaslar üçün əhəmiyyətli ədəbiyyat olacaq. O deyib ki, problemin mövcudluğu danılmazdır, bu baxımdan qanunun təbliğinə ehtiyac duyulur: “Bu qanunun elmi komentariyası da hazırlanır”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, mövzunun aktuallığının nəzərə alınması müsbət haldır və bu məsələ bütün dünyanın gündəmindədir: “Azərbaycanda geniş yayılmasa da, belə hadisələr baş verir. Dövlət bu problemin həlli məqsədilə bir sıra tədbirlər həyata keçirir”.

BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev bəyan edib ki, məişət pozğunluğu bəzən ailədaxili məsələ kimi nəzərə alınır və bu, sonradan daha çox problem yaradır: “Məişət zorakılığına qarşı mübarizə yalnız qanunun qəbulu ilə yekunlaşa bilməz. Bu istiqamətdə maarifləndirici tədbirlər davamlı keçirilməlidir”. F. Babayev qanunun komentariyasını məişət zorakılığına qarşı mübarizənin mərhələsi kimi səciyyələndirib.

Amerika Hüquqşünaslar Assosiasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Robert Stinks qanunun təbliği istiqamətində aparılan işlərin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, qanunun qəbulundan sonra təbliği istiqamətində bu tip addımların atılması cəmiyyətin maariflənməsinə xidmət edəcək.

Qanunun komentariyasının müəllifi, Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev qanunun əhəmiyyəti və komentariyanın vacibliyi haqda danışıb: “Məişət zorakılığı ilə bağlı yardım mərkəzinin yaradılması çox vacibdir. Düzdür, qanunda bu yardım mərkəzinin dövlət tərəfindən yaradılacağı göstərilir. Amma QHT-lər də bunu yarada bilər”.

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev qanunun təbliği istiqamətində daha vacib addımların atılmasının zəruriliyinə diqqət çəkib: “Azərbaycanda belə problemlərin qarşısının alınması yolunda daha çox məmurlar tərəfindən problem yaradılır. Hesab edirəm ki, maarifləndirmə prosesinə hüquq-mühafizə orqanlarını, sahə müvəkkillərini də cəlb etmək lazımdır. Hətta baş prokurora da kitabı göndərməliyik ki, oxusunlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR