Bank Of Baku

Yodlaşdırılmamış duzdan istifadəyə qarşı kampaniya başlayıb

Yodlaşdırılmamış duzdan istifadəyə qarşı kampaniya başlayıb
# 13 mart 2012 13:29 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. 2001-ci ildə qəbul olunmuş “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədilə duzun yodlaşdırılması haqqında” qanunda Azərbaycanda yodsuz duzun hətta heyvanlara verilməsi məqsədilə satışı və idxalı qadağan olunsa da, bazarda yodlaşdırılmayan, təmizlənməyən, rəngarəng qablara qablaşdırılmış duzların satışı hələ də davam edir. “APA-Economics”in xəbərinə görə, bu barədə yodlaşdırılmamış duzdan istifadənin fəsadlarının aradan qaldırılması məqsədilə birgə maarifləndirmə aksiyasına həsr olunmuş mətbuat konfransında bildirilib.

“Azərduz” marka heyəti və Milli QHT Forumu tərəfindən həyata keçirilən aksiyada bildirilib ki, Bakı şəhərində və respublika ərazisində çörək bişirmə, pendir hazırlama sahəsində əksər hallarda yodsuz, təmizlənməyən, mənşəyi bəlli olmayan, təhlükəli duzlardan istifadə olunur. Bu məsələdə ictimai maarifləndirmənin zəruriliyini nəzərə alan Milli QHT Forumu müxtəlif səpkili maarifləndirmə işlərinin həyata keçirilməsinə başlayır. Aidiyyəti qurumların ölkə ərazisində duzun yodlaşdırılması və satışı istiqamətində apardığı monitorinqlər zamanı kustar üsulla istehsal olunan və tərkibində zəhərli maddələr olan duzların açıq satılması halları dəfələrlə bəyan olunub. Satılan keyfiyyətsiz duzların mənbəyini araşdırarkən məlum olub ki, bu duzlar əsasən nəzarətsiz tullantıların olduğu ərazilərdən və çirklənmiş göllərdən toplanan duzların hesabına istehsal olunmaqdadır. İqtisadi İnkişaf Nazirliyi İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və Səhiyyə Nazirliyinin birgə işi nəticəsində yodsuz duzların satışının qarşısının alınması istiqamətində təsirli tədbirlər həyata keçirilib. Həmçinin dövlətin dəstəyi ilə «Azersun Holding» tərəfindən inşa olunan Masazır Duz Zavodu da ölkənin duza olan tələbatının ödənilməsi məqsədilə istehsal potensialını artırıb. Hazırda zavodun istehsalı olan və yüksək texnologiya ilə istehsal olunan yodlu “Azərduz” markası bütün satış nöqtələrində istehlakçılara təklif olunur.

Aksiya iştirakçıları bu sahədə vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə həyata keçiriləcək maarifləndirmə aksiyasının Bakı və Bakı ətrafı qəsəbələri, səhiyyə və təhsil ocaqlarını da əhatə edəcəyini bildirərək, əhalini mənşəyi bəlli olmayan duzları almaqdan çəkinməyə çağırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR